
Dünyanın siyasi mənzərəsi yenidən dəyişir və belə demək
mümkünsə, siyasi xəritənin yenidən dizayn edilməsinə cəhd edilir.
Yaxın və Uzaq Şərqdə, eləcə də Şərqi Avropada toqquşmaların siyasi
müstəvidən hərbi sferaya keçməsi an məsələsinə çevrilib. Bu mənzərə
fonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab
olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin rəhbəri Corc
Fridmanın 2030-cu il üçün verdiyi proqnozlar yada
düşür.
Publika.az xəbər verir ki, Fridman 2030-cu ilə
qədər Rusiya Federasiyası dağılacağını iddia edir. Bu proses
Avrasiyada xaosa səbəb olacaq və yeni dövlətlər qurulacaq.
Çeçenistan və Rusiyanın digər müsəlman əraziləri müstəqillik əldə
edəcək, Finlandiya Kareyanı zəbt edəcək, Rumıniya isə Moldovanı
özünə birləşdirəcək.
Qeyd edək ki, Rumıniya illərdir Moldovanı özünə birləşdirmək
istəyir. Rumınlar hesab edirlər ki, Moldova xalqı ilə eyni kökə
malikdirlər. Dünən Rusiyanın adamı hesab edilən Moldova prezidenti
İqor Dodonun “mən Rumıniya ilə Moldovanın birləşməsinin
əleyhinəyəm” açıqlamasını verməsi də Fridmanın proqnozu fonunda
diqqət çəkir.
Fridman proqnozlarına davam edərək qeyd edir ki, Tibet Hindistanın
köməyi ilə müstəqillik əldə edəcək, Tayvan isə Çində öz təsirini
genişləndirəcək.
Rusiyanın yox olmasından sonra Gürcüstan Cənubi Osetiya və
Abxaziyanı qaytaracaq, Ukrayna bu prosesdə ona ciddi dəstək
verəcək. Orta Asiyanı da qaranlıq gələcək gözləyir. Dağılma prosesi
Qazaxıstandan başlayacaq. Astana Amerika güclərinin müdaxiləsinin
qarşısını ala bilməyəcək. Orta Asiya üçün ən qorxuncu
ekstremistlərin ekspansiyasıdır. Bu, dünyəvi elitalarla
radikalların toqquşmasına gətirib çıxaracaq. Regionda uzun illər
davam edəcək vətəndaş müharibəsi yaşanacaq.
Proqnozda Rusiyasız qalan Ermənistanın sağ qalmayacağı deyilir. Bu
ölkə Azərbaycan və Türkiyənin məngənəsində sıxılacaq və xəritədən
silinəcək. Bakı və Ankaranın ittifaqı güclənəcək və regionda əsas
faktora çevriləcək. Azərbaycan həm də gələcəkdə regiondakı
proseslərin idarə olunmasında əsas məkana çevriləcək.
Proqnozlarda Çinin də zəifləyəcəyi, dağılmasa da, böyük güc
itirəcəyi deyilir. Xüsusilə Sibirdə möhkəmlənən Amerika, Orta
Asiyadan radikal dindarlar Çini sıxışdıracaq, Honkonqda isə “rəngli
inqilab” başlayacaq. Regionda Yaponiya güclənəcək.
İranda dini hakimiyyət devriləcək. Tehranda şiə hakimiyyətinin
devrilməsi Pakistana qədər sünni xilafətinin yaranması
perspektivlərini açacaq.
Asif