Aydın Mirzəzadə: “Bu, Ermənistana verilən çox ciddi mesajdır”
Bizi izləyin

Nida Xəbər

Aydın Mirzəzadə: “Bu, Ermənistana verilən çox ciddi mesajdır”

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verildi. Bu, təkcə Azərbaycan və region dövlətləri üçün deyil, həmçinin qlobal əhəmiyyətli tarixi hadisə kimi qiymətləndirilir.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Publika.az-a açıqlamasında bildirib ki, layihənin işə düşməsi Azərbaycanın yüksək siyasi nüfuzundan xəbər verir.

Millət vəkili qeyd edib ki, Azərbaycanın layihəyə hərtərəfli dəstək verməsi onun işə düşməsinə səbəb oldu. A. Mirzəzadənin sözlərinə görə, bu, Azərbaycanın tam iqtisadi və siyasi müstəqilliyə nail olmuş ölkə olduğunu göstərir.

Hər ölkənin buna nail olmadığını deyən millət vəkili qeyd edib ki, Azərbaycan dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Qərblə Şərqi birləşdirən körpü rolunu oynamağa başladı.

“Çox sayda ölkənin nümayəndələrinin dəmiryolu xəttinin açılış mərasimində iştirakı göstərdi ki, Azərbaycan arzuolunan müttəfiq ölkədir. Bu hadisə dünyanın diqqətinin Azərbaycana yönəlməsinə səbəb oldu. Layihənin işə düşməsi onun iştirakçısı olan ölkələr arasında siyasi inteqrasiyanın güclənməsi və dünya məsələləri ilə bağlı vahid mövqedən çıxış edən ölkələr qrupunun yaranmasına səbəb olacaq. Dəmiryolu xəttinin açılması eyni zamanda, regiona uzunmüddətli sabitlik və təhlükəsizlik gətirir. Regional münaqişələrin həllinin yollarından biri də belə layihələrin işə düşməsidir”, - o qeyd edib.

A.Mirzəzadənin sözlərinə görə, layihənin işə düşməsi Azərbaycan tərəfindən Ermənistana verilən ciddi bir mesajdır:

“Azərbaycan torpaqlarını işğalda saxlaması Ermənistan üçün çox ağır, o cümlədən iqtisadi problemlərin yaranmasına səbəb olub. Ermənistan işğalçı siyasətinə son qoysaydı, dəmiryolu xətti oradan keçə və ölkə büdcəsinə hər il yüz milyonlarla dollar gətirə bilərdi. Ermənistan işğalçı siyasətini davam etdirdiyi müddətdə Azərbaycanın təşəbbüskarı olduğu layihələrdən kənarda qalacaq və iqtisadi vəziyyəti daha da ağırlaşacaq”.

Azərbaycanın təşəbbüskarı olduğu layihələrə müxtəlif güc mərkəzləri və ölkələr tərəfindən maneələr törədildiyini deyən millət vəkili qeyd edib ki, bu layihələrə Ermənistanı qoşmaq və işğal faktını unutdurmaq cəhdləri edilir:

“Amma bütün hallarda son nəticə Azərbaycanın xeyrinə olub və heç bir halda Azərbaycanın başladığı iş yarımçıq qalmır. Eyni zamanda, dünən bu layihəyə qarşı çıxan ölkələr bu gün layihənin onların da iqtisadi və siyasi maraqlarına cavab verdiyi qənaətinə gəlirlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm