“Əsrin qatarı” Bakıdan yola düşdü – Qlobal layihənin əhəmiyyəti
Bizi izləyin

Nida Xəbər

“Əsrin qatarı” Bakıdan yola düşdü – Qlobal layihənin əhəmiyyəti

XXI əsrin ən əhəmiyyətli layihələrindən biri olan Bakı-Tbilisi-Qars dəmiryolu dünən istifadəyə verildi. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bu, tarixi və strateji əhəmiyyətli qlobal layihədir. Bu layihə məhz Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyləri ilə ərsəyə gəldi. Lakin yüz ilin layihələrindən olan BTQ-nin həyata vəsiqə almasında rəsmi Bakının iradəsi xüsusilə vurğulanmalıdır.

İşğalçı Ermənistanın regionun gələcəyinə böyük töhfə verən bu layihədən kənarda qalması Qərbdəki dairələri narahat edirdi. Buna görə də dəmiryolu xəttinin tikintisi 2005-ci ildə nəzərdə tutulsa da, ABŞ və Avropa Birliyi layihəni maliyyələşdirməkdən imtina etdiyi üçün 2 il gecikdi. Qərb hesab edirdi ki, Ermənistan bu regional layihədə yer almalı, bunun üçün Bakı-Tbilisi-Qars yox, Qars-Gümrü-Tbilisi dəmiryolu xətti çəkilməli idi. Bu, işğalçıya dəstək və Azərbaycana qarşı atılmış addım idi. Lakin rəsmi Bakı diplomatik manevrlərlə bu təhlükəli oyunu pozdu və Gürcüstana ildə 1 faiz dərəcəsi ilə 25 illiyinə 220 milyon dollar kredit verdi. Beləliklə, Qərbdə erməni lobbisinin oyunu baş tutmadı və Azərbaycanın addımı ilə BTQ-nin inşasına başlandı.

Uzun və gərgin əməkdən sonra nəhayət 30 oktyabr tarixində BTQ dəmiryolu xəttinə ilk qatar buraxıldı.

BTQ-nin əhəmiyyəti

Qlobal layihə olan BTQ Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. BTQ vasitəsilə birinci mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon ton, sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. BTQ-dən istifadə edən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, əməkdaşlıq dərinləşəcək, ölkələr bir-birinə daha yaxın olacaq. BTQ-nin uğurlu fəaliyyəti iştirakçı ölkələrin geosiyasi əhəmiyyətini artıracaq. Bu yol bölgədə sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək.

Ölkəmiz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində mühüm addımlar atır. Ərazimizdə dəhlizlə bağlı bütün işlər tamamlanıb, bütün infrastruktur hazırdır. Azərbaycan digər ölkələrdə də infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur. Hazırda Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində də iş aparılır. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcək. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək. Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək.

Siyasi şərhçi Elçin Mirzəbəyli Publika.az-a açıqlamasında bildirib ki, BTQ dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın tarixi uğuru olmaqla yanaşı, regional və qlobal nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və təhlükəsizliyi baxımından da olduqca mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ən önəmli cəhəti qlobal nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi və çoxfunksiyalılığıdır: “Məhz bu amil Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istər Cənub-Qərb, istərsə də Şimal-Cənub və digər transmilli nəqliyyat dəhlizləri üçün cazibədarlığını və önəmini artırır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yer aldığı nəqliyyat dəhlizlərinə münasibətdə nəqliyyat dəhlizlərilə bağlı klassik siniflərə bölmə ənənəsi də öz əhəmiyyətini itirir. Çünki BTQ-nin mühüm və əvəzedilməz ötürücü funksiyasını yerinə yetirdiyi nəqliyyat dəhlizləri Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə gerçəkləşən bu layihə sayəsində həm lenbric, həm minibric, həm də mikrobric funksiyasını yerinə yetirmək kimi çoxfunksiyalı imkanlar əldə edirlər. Yəni, quru daşımaları öz yerini su yolu ilə daşımalara verir, yaxud əksinə”.

E.Mirzəbəyli qeyd edib ki, bütün dövrlərdə olduğu kimi, bu gün də nəqliyyat istənilən ölkənin, bütövlükdə isə dünyanın ağırlıq mərkəzidir.

“Geosiyasi proseslərin intensivləşdiyi, ziddiyyətlərin dərinləşdiyi zaman kəsiyində nəqliyyat dəhlizlərinin əhəmiyyəti daha da artır və onlar sadəcə yük daşınmaları üçün nəzərdə tutulan vasitə rolunu oynamırlar, həm də mühüm təhlükəsizlik amilinə çevrilirlər. Məhz bu baxımdan da nəqliyyat dəhlizlərinə yatırılan sərmayələrin miqdarı ildən-ilə artır. İqtisadi Əməkdaşlıq Təşkilatının ekspertlərinin hesablamalarına görə, 2030-cu ilədək ümumdünya nəqliyyat sisteminə yatırılacaq vəsaitlərin miqdarı 11 trilyon dollar təşkil edəcək. Bunun 5 trilyonu isə dəmir yollarının payına düşəcək. Yerdə qalan 6 trilyon dollar avtomobil yollarının, logistik mərkəzlərin və limanların inşasına sərf olunacaq. Hazırda yük daşınmalarının 62 faizi su nəqliyyatının payına düşsə də, dəmir yollarının inşasına yatırılması nəzərdə tutulan vəsait üstünlük təşkil edir. Bu isə beynəlxalq nəqliyyat dəhlizləri sistemində dəmir yolunun çəkisinin getdikcə daha da artacağını göstərir. Bu müstəvidə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin nə qədər strateji önəm daşıdığını söyləsək, düşünürəm ki, mübaliğəli görünməz. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən digər layihələr kimi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti də ölkəmizlə yanaşı, digər region dövlətlərinin – Türkiyə və Gürcüstanın da geosiyasi önəmini artırır, eyni zamanda, Mərkəzi Asiya ölkələrinin yalnız bir geosiyasi qütbdən asılı olmamalarına, real və təhlükəsiz alternativlər əldə etmələrinə imkan verir”, - deyə o bildirib.

Siyasi şərhçi əlavə edib ki, bu layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidentinin siyasi iradəsi, qətiyyətli mövqeyi və böyük əməyi sayəsində mümkün olub: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan dövlətinin gələcək nəsillərə daha bir töhfəsidir. BTQ Azərbaycanın gələcəyinə yatırılan dəmir sərmayədir. Çünki, qlobal əhəmiyyət daşıyan nəqliyyat və kommunikasiya sistemləri və bu sistemləri qoynuna almış coğrafi mövqe daimidir. Azərbaycanın nəqliyyat dəhlizləri layihələrinə xüsusi önəm verməsi, bu prosesdə əksər hallarda təşəbbüsçü və birləşdirici amil kimi çıxış etməsi də məhz buradan qaynaqlanır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm