“BTQ layihəsi Azərbaycanın çox böyük uğurudur” - Politoloq
Bizi izləyin

Nida Xəbər

“BTQ layihəsi Azərbaycanın çox böyük uğurudur” - Politoloq

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verildi. Bu, təkcə Azərbaycan və region dövlətləri üçün deyil, həmçinin qlobal əhəmiyyətli tarixi hadisə kimi qiymətləndirilir.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Publika.az-a açıqlamasında politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov bildirib ki, Azərbaycan strateji əhəmiyyətli layihənin həyata keçirilməsi ilə güclü regional gücə çevrilir.

Politoloq BTQ sayəsində ölkəmizin regiondakı nüfuzunu və liderliyini daha da möhkəmləndirdiyini deyib:

“Çünki Azərbaycan layihənin həm təşəbbüskarı, həm də icraçısıdır. Azərbaycan mühüm tranzit ölkə olmaqdan əlavə, həm də nüfuzlu siyasi oyunçuya çevrilir. Layihə beynəlxalq münasibətlər sistemində Azərbaycanın nüfuzunu artırır, mövqeyini möhkəmləndirir və faktiki olaraq Azərbaycanın addımları beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir. Bakı-Tbilisi-Qars Avropa və Asiya arasında ən etibarlı və qısa yoldur. Azərbaycan dünyaya növbəti dəfə sübut etdi ki, siyasi və iqtisadi addımlarımız reallığa uyğundur və bu kimi layihələri həyata keçirməyə qadirik. Torpaqlarımızın iyirmi faizinin işğal altında olmasına və bizə qarşı biganə münasibət sərgilənməsinə baxmayaraq, təşəbbüskarı olduğumuz layihələri həyata keçiririk. Bu, həmçinin onun sübutudur ki, Azərbaycan etibarlı və sadiq partnyordur, eyni zamanda bir sıra qitələrin iqtisadi və enerji təhlükəsizliyini təmin edən ölkədir”.

Müsahibimiz hesab edir ki, BTQ-nin Süveyş və Panama kanalları ilə müqayisə olunmasında həqiqət var. Politoloq qeyd edir ki, BTQ-nin özünəməxsus xüsusiyyəti onun iki qitəni birləşdirməsi və bir sıra Asiya ölkələri üçün irimiqyaslı nəqliyyat qovşağına çevrilməsidir.

F.Sadıxov layihənin xüsusi peşəkarlıq və ardıcıllıqla həyata keçirilən xarici siyasət sayəsində baş tutduğunu deyib:

“ABŞ-dan əlavə, Rusiya və Ermənistan layihəyə qarşı çıxırdı. Vaxtilə, Bakı-Tbilisi-Ceyhan boru kəmərinə də qarşı çıxırdılar. Rusiyanın energetika naziri Bakıya gələrək razılaşmaya imza atdığı halda, Xarici İşlər Nazirliyi etiraz edirdi. Həmin Avropada da müəyyən dairələr Bakı-Tbilisi-Ceyhanın həyata keçiriləcəyinə inanmırdı. Hazırda da həmin vəziyyət təkrar olundu. ABŞ-da, Rusiyada, xüsusilə Ermənistanda layihəyə etiraz edirdilər. Amma indi ermənilər hesab edirlər ki, bəlkə də Ermənistan layihəyə qoşula bilər. Yəni, layihəyə inanmayan dövlət hazırda ona qoşulmaq niyyətindədir. Layihənin peşəkarlıqla və bir sıra incəliklər nəzərə alınaraq, həyata keçirilməsi, əlbəttə ki, Azərbaycanın böyük uğurudur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm