“Hüquqşünas hakimdən də, prokurordan da yaxşı yaşaya bilər” - MİLLƏT VƏKİLİ
Bizi izləyin

Nida Xəbər

“Hüquqşünas hakimdən də, prokurordan da yaxşı yaşaya bilər” - MİLLƏT VƏKİLİ

Milli Məclisdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununda dəyişikliklər edilməsi barədə layihə müzakirəyə çıxarılıb.

Publika.az bildirir ki, qanun layihəsi parlamentə Ali Məhkəmənin sədri tərəfindən təqdim edilib. Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur.

Qanun layihəsinin müzakirəsi zamanı deputatlar arasında fikir fərqliliyi meydana gəlib.

Deputat Zahid Oruc deyib ki, bu qanunun əleyhinə səs verəcək: “Çünki, bizdə 483 hakim, 934 vəkil var. Regionlarda isə vəkillərin sayı 200 nəfərdən bir qədər çoxdur. Bu isə mülki işlərin sayına nisbətdə yetərli deyil. Dəyişikliyin əsas hissəsini nümayəndəlik institutunun ləğvini nəzərdə tutur. Dəyişikliklər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlərin sayını artıra bilər. Nəzərə almaq lazımdır ki, bizdə vəkillərə adətən aşağı təbəqədən olan insanlar müraciət etmir”.

Deputat Fazil Mustafa da çıxışı zamanı bildirib ki, 20 ildə cəmi 934 vəkil yetişdirə bilmişiksə, bir neçə aya onların sayını 5-10 minə çatdırmaq real deyil: “Vəkillər Kollegiyasının qapısını hüquqşünasların üzərinə açmaq lazımdır. Qazaxıstan bu məsələni asanlıqla həll edə bildi. Tələb qoyuldu ki, nümayəndələrin hüququ təhsili olmalıdır”.

Komitə sədri Siyavuş Novruzov vurğulayıb ki, Vəkillər Kollegisyası və vəkillik institutunun zəif olması fikri ilə razılaşır: “Biz çalışmalıyıq ki, bu qanunun qəbulundan sonra vəkillik insitutunun fəaliyyəti artırılsın. Universitetlərin əksəriyyətində hüquq fakultəsi var. Hesab edirəm ki, savadlı hüquqşünas vəkil kimi işləyərsə, hakimdən də, prokurordan da yaxşı yaşaya bilər. Məncə, biz buna şərait yaratmalıyıq. Zərurət varsa, vəkillik imtahanları tez-tez keçirilməlidir. Vəkil seçkilərinə müddət qoyulması doğru deyil. Hüquq firmaları açılmalı, nizamnamələri sadələşdirilməlidir. Belə olan təqdirdə nümayəndəliyə ehtiyac qalmayacaq. Bəzən görürsən ki, hüquq mühafizə orqanlarında işləyən və rüşvət, korrupsiya, vəzifə səlahiyyətini icra edə bilməyib işdən qovulan şəxslər dərhal vəkil olur. Məncə, bunun bir əxlaq tərəfi də olmalıdır. Deputat həmkarlarımdan xahiş edirəm ki, qanuna səs verək və təcrübədə baxarıq”.

Vitse-spiker Valeh Ələsgərovi isə hesab edib ki, nümayəndəlik institutu ləğv edilməyənə qədər ölkədə vəkillərin sayını artırmaq çətin olacaq: “Hüquqşünas deyiləm, amma seçicilərimin adından çıxış edə bilərəm. Hesab edirəm ki, bu qanunun qəbuluna ehtiyac var”.

Musa Quliyev də həmkarlarını qanun layihəsinə səs verməyə çağırıb.

Hazırda müzakirələr davam edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm