Nida Xəbər
Sarkisyan dar ağacına doğru: Putinin hücum planı və İrəvanı MƏHVƏ APARAN SƏBƏBLƏR
Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammitində
Ermənistanla Avropa İttifaqı arasında saziş imzalandı. Ermənistan
mediası bunu Moskvanın kölgəsində yatan İrəvan üçün ciddi
irəliləyiş hesab edir, reallıqda isə bu, birbaşa Sarkisyanın Kremlə
baş qaldırmasıdır.
Publika.az xəbər verir ki, Ermənistanda Sarkisyana yaxın
medianın “böyük qələbə” olaraq təqdim etdiyi bu saziş indiki
məqamda heç bir nəticəyə malik deyil. Xüsusilə bu sazişin
Ermənistana ciddi iqtisadi dividendlər gətirməyəcəyi
gözlənilir.
Boş ümidlər
Erməni politoloq Arman Qevorkyan da deyir ki, razılaşmanı
Ermənistan parlamenti, həmçinin, Avropa İttifaqına daxil olan 28
ölkənin parlamenti təsdiqləməlidir: “Bütün bunlar üçün ən azı bir
il vaxt lazımdır. Yəni indiki məqamda bu razılaşma heç nə vermir.
Perspektivdə isə bu sənəd Ermənistana Avropa İttifaqının bəzi
proqramlarında iştirak etmək hüququ tanıyır. Razılaşma Ermənistanın
Avropa İttifaqının azad ticarət zonasına daxil olmasını nəzərdə
tutmur. Ermənistan sadəcə bu bazarda müəyyən imtiyazlar alır, lakin
bazar tamamilə açılmır”.
Ermənistanın “1in.am” saytı isə vəziyyətə daha bədbin yanaşır. Sayt
yazır ki, Sarkisyan hakimiyyətdə olduğu müddətdə bu saziş yalnız
kağız üzərində qalacaq: “Əksinə proseslər Ermənistan üçün “Abxaziya
ssenarisi”nin baş verəcəyini göstərir”.
Sarkisyanı dar ağacına aparan iki səbəb
Lakin ortada siyasi qarşıdurma daha açıq şəkildə görünür və
Ermənistanın Rusiyaya rəğmən, Aİ ilə saziş imzalanmasının arxasında
bir sıra səbəblər yatır.
Hesab etmək olar ki, İrəvan sazişi imzalasa da, buna ciddi
yanaşmır, sadəcə olaraq, Moskvanın tərəzisində öz çəkisini artırmaq
niyyəti güdür. Sazişin imzalanmasından öncə baş verən proseslər bu
kontekstdə diqqət çəkir.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Soçidə rusiyalı həmkarı
Vladimir Putinlə görüşəndə Dağlıq Qarabağ münaqişəsini, daha
konkret desək, ilkin mərhələdə işğal altındakı 5 rayonun
Azərbaycana qaytarılmasını istədi. Bu görüşün ciddi nəticələrinin
olmadığını düşünmək olar. Lakin Ərdoğanla görüşdən sonra Putin
Ermənistan prezidenti Serj Sarkisyanı qəbul etdi və məlumatlara
görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Ardınca
Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya və İrəvana səfər
etdi. Bu səfərin əsas məqsədinin Qarabağ münaqişəsi olduğu məlum
idi. Lavrovun Bakıdan sonra getdiyi İrəvanda münaqişə haqda dediyi
sözlər nə qədər bədbin görünsə də, Rusiyanın baş diplomatının
münaqişədə mövcud status-kvonu dəyişdirə biləcək təkliflər irəli
sürdüyü də şübhəsizdir. Erməni siyasi şərhçi Viqen Petrosyan şəxsi
mənbələrinə istinadən Lavrovun qapalı görüşdə Sarkisyanı Qarabağ
ətrafındakı rayonların qaytarılmasına məcbur etdiyini iddia
edir.
Bu proseslər fonunda Sarkisyanın Brüsselə gedərək, Aİ ilə saziş
imzalaması İrəvanın Qarabağ münaqişəsində yeni arxa axtardığı,
yaxud Rusiyaya mesaj verdiyi ehtimalı önə çıxır.
Lakin məsələnin digər tərəfi Sarkisyanın gələcək hakimiyyəti ilə
bağlıdır. 2018-ci ilin aprelində prezident postunu təhvil verəndən
sonra o, baş nazir olaraq ölkəyə rəhbərlik etmək istəyir. Hətta
Putinlə görüşdə əsas müzakirə mövzusunun məhz bu olduğu
deyilir.
Erməni politoloq Manvel Sarkisyan deyir ki, “Sarkisyan çox şey
haqda qərar verə bilmir, onun əvəzində başqaları qərar verir.
Ölkənin siyasəti məhv edilib. Daim güzəşt etməklə o, şəxsi
mövqelərini itirir. Buna görə də o, Putinin önündə ağlayaraq,
soruşdu: “Ermənistanın sahibi mənəm, yoxsa yox?!”.
Ehtimal etmək olar ki, Sarkisyan Putinin qarşısında istədiklərini
ala bilməyib və Rusiya prezidentinə gücünü göstərmək üçün Brüsselə
gedərək sazişi imzalayıb. Lakin bu saziş Rusiyanın qlobal siyasəti
fonunda bağışlanmaz səhvidir və Sarkisyanın bunu Putinin acığına
etdiyini demək məsələni kiçiltmək olardı.
Qərbin hədəfi nədir?
Mümkündür ki, ortada Qərbin Rusiya ilə bağlı siyasətinin
elementləri var və Sarkisyanı da Qərb məhz erməni lobbisi üzərindən
razı sala bilib.
Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin
beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, politoloq Aleksey
Fenenko hesab edir ki, Qərb bu sazişlə iki hədəfə nail olmaq
istəyir.
“Birinci hədəf Avrasiya İqtisadi İttifaqını çökdürmək. Çünki
Ermənistan Avropa iqtisadi zonasına daha geniş qoşularsa, bu,
Avrasiya İqtisadi İttifaqının gömrük sisteminin dağılması və baza
əsaslarının məhv olması ilə nəticələnə bilər. İkinci hədəf
Ermənistanın daxilində anti-Rusiya seqmentini dəstəkləmək və
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, eləcə də
Avrasiya İqtisadi İttifaqından çıxarmaqdır”, - deyə Fenenko
bildirib.
“Ermənistan unudur ki...”
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bu sazişdən daha çox
Rusiyanın qarşısında alver kartı kimi istifadə etməyə cəhd
göstərir: “Rusiyaya deyirlər: “Ya siz bizi Qarabağ məsələsində
dəstəkləyirsiniz, ya da biz özümüzə yeni tərəfdaşlar tapırıq. Lakin
Ermənistan bir məqamı unudur. Əgər İrəvan Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatından çıxacaqsa, Azərbaycan və Türkiyə
qarşısında avtomatik olaraq tək qalacaq. Digər tərəfdən, Rusiyaya
üz döndərmək Ermənistan üçün ciddi iqtisadi itkilərə səbəb olar.
Ermənistan Avropa İttifaqı ilə tam şəkildə yaxınlaşsa, bu, regionda
strateji vəziyyəti partlada bilər”.
Kremlin İrəvana müdaxilə ssenariləri
Ermənistan rəhbərliyi olduqca riskli oyun oynayır, lakin bunun
nəticəsinin nə olacağını təxmin etmək çətindir. Mümkündür ki,
Rusiya yolundan azan İrəvanı cəzalandırmaq üçün siyasi, iqtisadi,
hətta hərbi müdaxilə addımlarını atsın. Ermənistan ictimaiyyətini
ən çox narahat edən də budur. Artıq erməni mediasında Rusiyanın
müdaxilə ssenariləri də müzakirə olunmaqdadır.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Rusiya təbliğat
kampaniyasını sürətləndirəcək: “Lakin bununla kifayətlənməyəcək.
Moskva ilk növbədə Ermənistan daxilində siyasi konfiqurasiyanı
yönləndirərək bu sazişin kağız üzərində qalmasına çalışacaq. Yaxın
gələcəkdə Ermənistanda Moskvanın əhəmiyyəti haqda danışanlar ortaya
çıxacaq. Onlar arqument gətirəcəklər ki, Rusiya Qarabağ
münaqişəsinin həllinə kömək edəcək və Avropa İttifaqı ilə saziş
Ermənistana itkilər gətirə bilər. Lakin Rusiyanın müdaxilə daha
sərt və ağır da ola bilər”.
Asif
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO