"Azərbaycan Əfqanıstanda sülhə dəstək verməkdə davam edəcək" - Elmar Məmmədyarov
Bizi izləyin

Nida Xəbər

"Azərbaycan Əfqanıstanda sülhə dəstək verməkdə davam edəcək" - Elmar Məmmədyarov

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransında çıxışı edib.

Publika.az-ın xəbərinə görə, nazir bildirib ki, Azərbaycan Əfqanıstanda sülhə dəstək verməkdə davam edəcək. Onun sözlərinə görə, Asiyanın ürəyi - İstanbul prosesi sülh və təhlükəsizliyin həm Əfqanıstan, həm də regionda təminatı üçün bir platformadır: "Təhlükəsizliyin təmin olunduğu Əfqanıstan regionun gələcəyinə töhfə verə bilər. Azərbaycan elektron hökumət, dövlət xidmətlərinin möhkəmlənməsi və informasiya-kommunikasiya texnologiyaları sahələrində Əfqanıstan üçün təlimlər təşkil edib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması və "Lyapis Lazur" xəttinin istifadəyə verilməsi bu regionda yüklərin daha sürətlə daşınmasına yol açır. "Lyapis Lazur" sazişi yalnız Əfqanıstanı Avropa bazarına yaxınlaşdırmayacaq, həm də beynəlxalq əməkdaşlığa xidmət edəcək".

Qeyd edək ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” Asiyanın Qəlbi regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.

“Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm