• USD 1,7000 0,00% EUR 2,0193 +0,19%
    • GBP 2,3709 +0,14% RUB 0,0232 +0,43%

“Təhdidlər Azərbaycanı müstəqil siyasətindən döndərə bilməzdi” - ŞƏRH

“Təhdidlər Azərbaycanı müstəqil siyasətindən döndərə bilməzdi” - ŞƏRH

“Azərbaycan çoxvektorlu xarici siyasət kursunu elan edib və onun həyata keçiririk. Dünyada baş verən hadisələrlə bağlı da öz prinsipial mövqeyimizi ortaya qoyuruq”.

Bunu Publika.az-a açıqlamasında BMT Baş Assambleyasında Qüdslə bağlı qəbul edilən qərarın Azərbaycan tərəfindən dəstəklənməsini şərh edən politoloq, professor Fikrət Sadıxov bildirib.

O hesab edir ki, Azərbaycanın səsverməyə çıxarılan sənədin lehinə səs verməsini bir neçə amillə izah etmək olar. Onun sözlərinə görə, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması islam aləminə qarşı yönələn bir bəyanat idi:

“Biz islam dünyasının yanında olmalı idik. Yaddan çıxarmayaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin özü 2017-ci il “İslam Həhrəyliyi ili” elan edib. Ölkəmizdə bununla bağlı bir sıra tədbirlər, həmçinin islam oyunları keçirilib. Dünən isə “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Dövlət başçısı konfransda çıxışında islam həmrəyliyinə çağırdı”.

Müsahibimiz qeyd edir ki, ikinci amil Azərbaycanın beynəlxalq hüququn tərəfdarı olmasıdır:

“BMT-də Qüdslə bağlı qətnamələr qəbul olunub. Biz beynəlxalq hüquqa qarşı səs verə bilməzdik. Biz özümüz də beynəlxalq hüququn tapdalanması ilə üzləşmişik və işğal olunan torpaqlarımız uzun illərdir ki, azad olunmur. Biz Qüdslə bağlı verdiyimiz qərarla beynəlxalq hüququn qorunmasına, onların aliliyinə səs vermişik”.

Səsvermədən əvvəl həm ABŞ prezidenti Donald Tramp, həm də ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin təhdidlərinə toxunan F.Sadıxov qeyd edir ki, təhdidlər Azərbaycanı özünün prinsipial mövqeyi, haqq yolu və müstəqil siyasətindən döndərə bilməzdi.

Xatırladaq ki, BMT Baş Assambleyası dekabrın 21-də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib.

Bundan əvvəl BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuz hesab edilmiş və 14 üzv ölkə qətnaməni təsdiq etmişdi. ABŞ qətnaməyə veto qoymuşdu. ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi.

Buna baxmayaraq 128 üzv ölkə ABŞ-ın qərarını rədd edən qətnamənin lehinə səs verib. 9 ölkə əleyhinə, 35 ölkə isə bitərəf mövqedə olub. Azərbaycan Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR