Hər bir vətəndaş "Cümhuriyyət ili"nə öz töhfəsini verməlidir - Zahid Oruc
Bizi izləyin

Nida Xəbər

Hər bir vətəndaş "Cümhuriyyət ili"nə öz töhfəsini verməlidir - Zahid Oruc

“Azərbaycan Cümhuriyyəti tarixi olduqca ağır bir prosesdir. Düşünürəm ki, bu mövzuda ziddiyyətlərə yol vermədən, tarixi şəxsiyyətləri üz-üzə qoyamadan, onların hər birinə realist yanaşaraq, qiymətləndirmək lazımdır”.

Bu sözləri Publika.az-a millət vəkili Zahid Oruc 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli”elan olunmasına münasibət bildirərkən dedi. O bildirdi ki, bu sərəncam, Azərbaycan xalqının 100 il əvvəlki dövrlərdə yaşadığı proseslərin mühüm qiymətləndirilməsi kimi təqdirəlayiq addımdır:

“Hesab edirəm ki, təkcə hüquqi cəhətdən deyil, mənəvi cəhətdən də bu Azərbaycan xalqını ruhlandıran bir addımdır. Hələ Heydər Əliyevin hakimiyyəti illərində bu mövzuda bir sıra tədbirlər görülmüşdür. Təbii ki, bəlli bir reallıq var və bu heç zaman dəyişə bilməz. Bu gün də dünyada Azərbaycan dövlətçiliyi, ənənələləri öz sözünü deyir. Dövlətin simvolik atributları belə təsadüfi deyil. Məlum atributlar həqiqətən də özündə Cümhuriyyət qurucularının arzu və istəklərini, ağır şəraitdəki mübarizələrini əks etdirir. Prezidentimizin də bunu sayğı ilə xatırlaması onların xatirəsinə olan hörmət və dəyərdir. Təbii ki, Cümhuriyyətin 100 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək. Lakin onu da xatırladım ki, bu mövzunun təbliğində əsas məsuliyyət sırf dövlət orqanlarının üzərinə düşmür. Bütün vətəndaşlar öz qələmi, düşüncəsi, zəhməti ilə elmi araşdırmalar, tədqiqatlar apararaq bu işə öz töhfəsini verə bilər. Cümhuriyyətimizin əldə olunmasında zəhməti olan tarixi şəxsiyyətlər bütün çətinliklərə rəğmən, öz məqsədlərindən geri dönmədilər. Onlar sona qədər sədaqətlə məqsədlərinə doğru irəlilədilər. Bu gün biz demokratik, müstəqil Azərbaycan dövlətində yaşayırıqsa, unutmamamlıyıq ki, həmin Cümhuriyyətin varisiyik. İldən-ilə daha da güclənərək, dünya ölkələri arasında hazırkı mövqeyimizi almışıq. Cümhuriyyətin 100 illiyi ilə bağlı parlament müstəvisində də bir sıra planlar mövcuddur”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm