Fazil Mustafa: “Erməni lobbisinin düşündüyü plan iflasa uğradı”
Bizi izləyin

Nida Xəbər

Fazil Mustafa: “Erməni lobbisinin düşündüyü plan iflasa uğradı”

“Milan Məhkəməsinin qərarında əslində, qeyri-adi heç nə yoxdur və bu qərarın qəbul olunması gözlənilən idi”

Bunu Publika.az-a Avropanın tanınmış siyasətçilərindən olan İtaliyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Luka Volontenin Milan Məhkəməsində bəraət almasını şərh edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Musfafa deyib.

Millət vəkilinin sözlərinə görə, sadəcə olaraq Avropadakı bəzi qüvvələr siyasi məqsədlər üçün Azərbaycana qarşı bu məsələdən istifadə etmək istəyirdilər.

“Lakin bu alınmadı. Avropadakı bəzi güclər bəzi Azərbaycan millət vəkillərinin də adını bu işdə hallandıraraq Azərbaycanın Avropa Şurası və başqa yerlərdə bu prosesdə iştirakı görüntüsünü yaradırdılar. Nəticədə, aydın oldu ki, bunların hamısı məqsədyönlü şəkildə bir qaralama kampaniyasıdır. Sadəcə normal münasibətlər zəminində baş verən hadisələr idi. Prosesdə adı hallandırılan şəxslər də Azərbaycan üçün kifayət qədər çalışan vicdanlı insanlardır. Onların hər hansı formada qaralanması üçün heç bir əsas yoxdur. Xaricdə yüzlərlə bundan ağır faktlar baş verir və bunların üzərinə gedən yoxdur. Bu, erməni lobbisinin düşündüyü bir plan idi və iflasa uğradı. Luka Volontenin bəraət alması da bunun nəticəsi idi. Qalan siyasi tamaşaların da hamısı yəqin ki, boşa gedəcək”, - o deyib.

Müsahibimiz vurğulayıb ki, bu işdə Azərbaycanın keçmiş səlahiyyətli və sonradan müxalifətə keçən şəxslərinin də xüsusi yönləndirməsi var idi.

F. Mustafa qeyd edib ki, Milan Məhkəməsinin qərarı erməni lobbisi və ermənipərəst qüvvələrinin təbliğatının iflasına gətirib çıxaracaq: “Çünki buna çox böyük əhəmiyyət verdilər. Mövzunu Avropa Şurasında bir ildir gündəmdə saxlamağa çalışırdılar”.

Xatırladaq ki, dünən Milan Məhkəməsində Avropanın 2 ildən çoxdur yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatıb. Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət alıb.

Luka Volonte Azərbaycan hökumətindən 2 milyon 390 min avro miqdarında rüşvət almaqda ittiham olunurdu. İki il davam edən məhkəmə prosesinin nəticəsində bu ittihamın iddiadan ibarət olduğu, Azərbaycan hökumətinin L.Volonteyə rüşvət vermədiyi və italiyalı siyasətçinin günahsız olduğu ortaya çıxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm