Ölkəmizə qarşı növbəti qara piar: Azərbaycanı qoyub qaçmış bir qrup insan...
Bizi izləyin

Nida Xəbər

Ölkəmizə qarşı növbəti qara piar: Azərbaycanı qoyub qaçmış bir qrup insan...

Xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən www.ipetition.com saytında Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradılıb. Petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədlidir.

Petisiya AŞPA, Avropa Parlamentinə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, BMT Təhlükəsizlik Şurasına və Baş Katibinə, ABŞ-ın və Avropa İttifaqı dövlətlərinin başçılarına ünvanlanıb.

Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə petisiyanı hazırlayanların məqsədləri haqda fikirlərini bildirib.

Millət vəkili qeyd edib ki, prezident seçkiləri Azərbaycan Konstitusiyasına uyğun olaraq keçirilir və buna hər hansı digər şərh verilməsinin heç bir əsası yoxdur. Onun sözlərinə görə, Azərbaycandan kənarda yaşayaraq, belə bəyanatlar vermək anti-Azərbaycan mərkəzlərinin növbəti layihəsindən başqa bir şey deyil:

“Azərbayanda keçirilən tədbirlər zamanı anti-Azərbaycan mərkəzlərinin tərəfdarları həmin tədbirləri pozmaq üçün addımlar atırlar. Bir müddət əvvəl Azərbaycanı müdafiə edən italiyalı deputatla bağlı böhtan yayıldı və sonda Milan Məhkəməsi onunla bağlı bəraət qərarı çıxardı. İndi isə belə bir hərəkətin edilməsi sadəcə olaraq, Azərbaycan qarşı qara piar kampaniyasıdır. Məqsəd Azərbaycanda gedən prosesləri gözdən salmaq, beynəlxalq ictimaiyyəti səhv məlumatlandırmaq və Azərbaycanın müstəqil siyasət aparmasının qarşısının almaqdan ibarətdir. Azərbaycanda demokratik hüququ dövlət qurulub, insan hüquqları qorunur, Azərbaycan açıq cəmiyyətdir və dünya ilə sıx bağlıdır. Dünyada gedən proseslərdə Azərbaycan da iştirak edir. Qarşıdan gələn seçkilər namizədlərdən ən çox səs toplayanın qələbəsi ilə başa çatacaq və növbəti yeddi ildə strategiyamızın müəyyənləşməsinə səbəb olacaq”.

Petisiyanı yaradan şəxslərin onu beynəlxalq təşkilatların başçılarına ünvanlanmasına gəlincə, A.Mirzəzadə hesab edir ki, sözügedən təşkilatlar ona heç bir əhəmiyyət verməyəcəklər:

“Çünki mahiyyəti üzrə deyil və həqiqəti əks etdirmir. Digər tərəfdən, burada məqsəd beynəlxalq təşkilatların diqqətini cəb etmək deyil. Məqsəd suyu bulandırmaq, lüzumsuz siyasi provakasiya etməkdən ibarətdir. Azərbaycanı qoyub qaçmış bir qrup insanın Azərbaycanın taleyi ilə bağlı xaricdə canfəşanlıq etməsi qəribə bir təzad yaradır. Bu gün Azərbaycanda iş yerləri yaradılır, Azərbaycan beynəlxalq birliyin layiqli üzvüdür, özünün müstəqilliyini gündən-günə möhkəmləndirir və Azərbaycan regionda stabilliyin əsas qarantıdır. Mən həmin insanları başa düşərdim ki, onlar 1 milyon 200 min məcburi köçkünü, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsinin işğalda saxlanılması və beynəlxalq təşkilatların Ermənistanı qınamaq siyasətindən uzaq durması ilə bağlı öz fikirlərini bildirərdilər. Amma nədənsə bu insanlar Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Nəzərə alaq ki, bu insanlar kiçik bir qrupdur və nə Azərbaycan ictimaiyyətində, nə də beynəlxalq aləmdə elə bir nüfuzları yoxdur. Hesab edirəm ki, etdikləri növbəti dəfə kimlərinsə əlində alət olduğunu göstərir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm