"Bu özlərini donorların yadına salmaq istəyən insanların yaratdığı petisiyadır" - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

"Bu özlərini donorların yadına salmaq istəyən insanların yaratdığı petisiyadır" - ŞƏRH

Xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən ipetition.com saytında Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradılıb. Petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədlidir.

Petisiya AŞPA, Avropa Parlamentinə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, BMT Təhlükəsizlik Şurasına və Baş Katibinə, ABŞ-ın və Avropa İttifaqı dövlətlərinin başçılarına ünvanlanıb.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycanda baş verən mühüm hadisələr zamanı xaricdə yaşayan bir qrup şəxs dərhal hay-küyə başlayaraq, özlərinin varlıqlarını bildirmək istəyirlər.

Azərbaycana qarşı müxtəlif mərkəzlər tərəfindən idarə olunan şəxslərin olduğunu deyən Ə.Nuriyev onların iddialarının mənasız olduğunu deyib. Onun sözlərinə görə, belə bir petisiyanın yaradılması hüquqi məsələlər barədə yetərli qədər məlumatın olmaması, yaxud da məsələləri bilərəkdən yanlış arqumentlərlə irəli sürməklə bağlıdır.

Fondun rəhbəri hesab edir ki, aprelində 11-də keçiriləcək seçkilər Azərbaycan qanunvericiliyinə tamamilə uyğundur:

“Birincisi, Azərbaycan Konstitusiyasına referendum yolu ilə dəyişikliklər edilib və növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı müddəa salınıb. Ona görə də növbədənkənar prezident seçkilərinin keçirilməsi konstitusion normadan və referendumun nəticələrindən irəli gələn məsələdir. Növbədənkənar prezident seçkiləri barədə qərar konstitusion normalara əsaslanaraq qəbul edilib. Bu, ümumiyyətlə hüququn prinsiplərinə uyğundur. Bu, hüqiqi arqumentlərə söykənməyən, müxtəlif mərkəzlər tərəfindən idarə olunan, yaxud da özlərini hansısa formada donorların yadına salmaq istəyən insanların yaratdığı petisiyadır və heç bir hüququ əsası yoxdur. Ümumiyyətlə, o insanları Azərbaycana hər hansı dəxli varmı? Onlar Azərbaycan üçün hansı faydalı işlər görüblər? Ölkədən kənarda yaşayaraq nə istəsən danışmaq və yazmaq olar. Amma bütün bunlar hüquqi arqumentlərə söykənməlidir. Seçkilərin qanunvericiliyə uyğun olmadığını iddia etmək siyasi qalmaqal xarakteri daşıyır və buna ciddi fikir vermək lazım deyil. Petisiya hər hansı nəticəyə də gətirib çıxarda bilməz. Azərbaycanda bütün fəaliyyətlər Azərbaycan Konstitusiyasına və beynəlxalq hüququn prinsiplərinə uyğundur. Beynəlxalq təşkilatların da bu məsələdə səssiz olması göstərir ki, bütün məsələlər hüquq çərçivəsində həll olunur. Petisiya müəyyən mərkəzlərin göstərişidir, onlar görürlər ki, Azərbaycana qarşı bütün hücumlar mənasızdır, Azərbaycan xalqı onların fikirlərinə əhəmiyyət vermir. Sadəcə olaraq, gücsüzlük, hər hansı bir potensiala malik olmamaları onların belə cılız, düşüncədən uzaq və yalnız göstərişə əsaslanan hərəkətlər etməyə gətirib çıxardır. Amma bu cür hərəkətlərin heç bir effekti olmayacaq, çünki nə siyasi, nə də hüquqi mədəniyyətə malik olan şəxslərdir”.

Petisiyanı yaradan şəxslərin onu beynəlxalq təşkilatların başçılarına ünvanlanmasına gəlincə, Ə.Nuriyev vurğulayıb ki, heç bir beynəlxalq təşkilat Azərbaycanın daxili işlərinə qarışa bilməz.

“Azərbaycanda, bütün məsələlər, o cümlədən prezident seçkiləri hüquqa uyğun və qanunun aliliyi təmin edilməklə həll olunur”, - o yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm