Ordumuz 25 min əsgərlə hərəkətə keçdi - İrəvanı qorxuya salan İKİNCİ APREL PLANI
Bizi izləyin

Nida Xəbər

Ordumuz 25 min əsgərlə hərəkətə keçdi - İrəvanı qorxuya salan İKİNCİ APREL PLANI

12-17 mart tarixlərində Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirəcək. Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən keçirilən təlimlərdə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Publika.az xəbər verir ki, genişmiqyaslı hərbi təlimlər ilk növbədə Ordunu daim ayıq və tətikdə saxlamaq məqsədi daşıyır. Müharibə şəraitində olan bir ölkənin Ordusunun belə təlimlər keçirməsi normal haldır. Lakin burada diqqət çəkən məqamlardan biri təlimlərin prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gözlənilən proseslər öncəsi baş tutmasıdır.

Şübhəsiz ki, Azərbaycanda prezident seçkilərinin vaxtının önə çəkilməsinin arxasındakı əsas səbəblərdən biri – bəlkə də birincisi – Dağlıq Qarabağ faktorudur. Çünki apreldə Ermənistanda da seçkilər keçiriləcək. Əgər Azərbaycanda prezident seçkiləri nəzərdə tutulduğu kimi oktyabr ayında keçirilsəydi, bu, danışıqlar prosesində durğunluğa səbəb ola bilərdi. Rəsmi Bakı məhz bunu istəmir.

Həmsədrlər ötən ay Bakıda səfərdə olarkən, onları qəbul edən Prezident İlham Əliyev də seçkilərdən sonra danışıqların ciddi şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bu görüş haqqında danışarkən bildirdi ki, “Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin”.

XİN rəhbəri Elmar Məmmədyarov da seçkilərdən sonra keçiriləcək danışıqların pozitiv ola biləcəyini vurğuladı.

Mümkündür ki, seçkilərdən dərhal sonra rəsmi Bakı danışıqların konkret nəticələr verməsi istiqamətində ciddi addımlar atsın. Bu proseslərdən öncə 25 minlik ordu ilə hərəkətə keçmək məhz işğalçı ölkəyə, həmçinin, münaqişənin həllinə maneə yarada biləcək kənar güclərə sonuncu mesaj vermək gedişidir.

Müdafiə Nazirliyinin təlimlərlə bağlı rəsmi məlumatında “Təlimlərdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, əks-zərbə endirməklə müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarını yerinə yetirəcək” sözləri də xüsusi diqqət çəkir. Bu taktika “aprel müharibəsi” ssenarisinə çox bənzəyir. 2016-cı ilin aprelində də Ermənistan hərbi birləşmələri təxribat hücumuna keçdi, Azərbaycan Ordusu bu təxribatın qarşısını alaraq, müdafiəni bərpa etdi və əks-hücumla düşmənə ağır zərbələr endirərək, işğal altındakı ərazilərin bir hissəsini azad etdi. Belə ssenari Ermənistanı qorxuya salıb.

Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Azərbaycan Ordusunun təlimlərə başlaması Bakının mövcud status-kvo ilə barışmayacağını və yaxın zamanlarda ərazilərin azad olunması üçün hərəkətə keçəcəyini göstərir: “Ermənistanda bəziləri bunu seçkilərə hesablanmış addım kimi dəyərləndirir, halbuki, bu yanaşma özünü aldatmaqdır. Çünki İlham Əliyevin buna ehtiyacı yoxdur. Bu addım seçkidən sonra gedişlərdən xəbər verir. İlham Əliyev həmsədr ölkələrinə göstərir ki, Qarabağdakı status-kvo ilə barışmayacaq”.

Erməni şərhçi hesab edir ki, rəsmi Bakı bu siyasətini davam etdirərək, seçkidən sonra istədiyinə nail olacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm