• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Nazirlər yeni əməkdaşlıq formatını yüksək qiymətləndirdilər (YENİLƏNDİ)

Nazirlər yeni əməkdaşlıq formatını yüksək qiymətləndirdilər

“Çoxtərəfli iclasın Bakıda keçirilməsi üçün şadam. Dost və qonşu Azərbaycan xalqına təşəkkür edirəm. Biz regional əməkdaşlığa sadiqliyimizi təsdiq edirik. İran güclü regiona inanır. İstəyirik ki, ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıqlar formalaşsın”.

Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, İran, Azərbaycan, Türkiyə və Gürcüstanı mədəni ortaqlıqlar bağlayır. Nazir bildirib ki, beynəlxalq hüquqa hörmət ölkələrin ərazi bütövlüyünə hörməti, regionda əməkdaşlığı daha da gücləndirəcək. “Enerji, tranzit, turizm, sənaye və texnologiya sahələrində əməkdaşlıq bütün region ölkələrinin inkişafına töhfə verə bilər. Fars körfəzi İranı Hind okeanı və Aralıq dənizinə birləşdirir və bununla biz region ölkələrinə daha rahat marşrut təqdim edirik. Gələcək iclaslarda bu sahələrlə bağlı daha geniş müzakirələr apara bilərik. Ümid edirəm ki, dördtərəfli əməkdaşlıq daha geniş əməkdaşlıq üçün imkan açacaq”.

İran XİN rəhbəri əlavə edib ki, konkret əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün işçi qrupu yaradılmalıdır. (apa)

***

"Münasibətlərimizin uzun tarixi var. Əsas məsələ müasir dövr münasibətləri və gələcək üçün planlarımızdır”.

Bunu Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, müstəqilliyin ilk illərindən Gürcüstan Azərbaycan, Türkiyə və İranla bərabər əsasda əlaqələri inkişaf etdirməyə çalışır: “Gürcüstanın ərazi bütövlüyünə verilən dəstəyə görə təşəkkür edirik. Biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Sülh, sabitliyi qorumaq uçun ərazi bütövlüyünə dair beynəlxalq hüquqa sadiqliyimizi bəyan edirik. Bu əməkdaşlıq regionda sülh, sabitlik və rifaha yönəlib. Bu ölkələrin nəqliyyat dəhlizi potensialı daha geniş istifadə oluna bilər. Asiya və Avropanı birləşdirmək üçün bu imkanlardan yararlanmaq lazımdır. Müntəzəm görüşlərimizi davam etdirməliyik”. (apa)

***

"Bugünkü yeni format tarixi və mədəni bağları olan ölkələr arasında qurulub. Türkiyənin hər üç ölkə ilə ortaq layihələri var və bu dostluq, qardaşlığımız hər gün genişlənir".

Bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

M.Çavuşoğlu bildirib ki, yeni format sülh və sabitliyə töhfə verəcək.

"Başda bu ölkələr olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik. Üzləşdiyimiz çətinliklərə qarşı birgə mübarizə aparacağıq. Bütün sahələrdə əlaqələri, əsasən də, iqtisadi əlaqələri daha da genişləndirəcəyik. Həm ticarət, həm yatırım, həm də xalqlar arasında əlaqələri inkişaf etdirmək üçün nəqliyyat şəbəkəsini genişləndirmək vacibdir. Bu format gələcək layihələr üçün önəmlidir", - deyə o qeyd edib. (apa)

***

Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin bu gün Bakıda keçirilən birinci dördtərəfli görüşündə Bəyannamə qəbul edilib.

“Yeni yaranmış bu format regional əməkdaşlıq üçün çox vacibidir. Əməkdaşlığın hansı sahələri əhatə edəcəyinə dair Bakı Bəyannaməsi qəbul olunacaq. Əgər biz müxtəlif nəqliyyat dəhlizlərindən danışırdıqsa, indi bir nəqliyyat istiqamətindən danışırıq. Bu, cənub-qərb istiqamətidir. Bu, bizim ölkələri birləşdirir. Bu format müxtəlif sahələrdə də əməkdaşlıq üçün bir imkandır”.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə, Gürcüstan və İrandan olan həmkarları ilə dördtərəfli görüşdə deyib.

Gürcüstanın xarici işlər naziri Mixail Canelidze isə bildirib bu, tarixi bir gündür: “Bu, yeni bir formatdır. Bizim çox yaxşı ikitərəfli və üçtərəfli əlaqələrimiz var. Yeni format bizə əməkdaşlığımızı gücləndirməyə imkan verəcək”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu formatın önəmli infrastruktur layihələri - xüsusilə nəqliyyat və enerji sahəsində - həyata keçirməyə imkan verəcəyini söyləyib: “Bu format bizə ticarət dövriyyəmizi artırmağa, ölkələrimizə investisiya yatırmağa imkan verəcək. Növbəti görüşdə konkret layihələrə köklənəcəyik və konkret layihələr barədə danışacağıq”.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif digər həmkarlarına müraciətlə deyib ki, bu, sizin başlatdığınız olduqca önəmli təşəbbüsdür: “Bu təşəbbüs bizim maraqlarımıza cavab verir. Yeni nəqliyyat dəhlizi hər iki qitəni birləşdirməyə imkan verəcək. Yeni nəqliyyat dəhlizi ölkələrimizin və xalqlarımızın marağına uyğundur”. (apa)

***

Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilir.

Publika.az-ın xəbərinə görə, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze iştirak edir.

İlk dəfə keçirilən görüşdə regional əməkdaşlıq məsələləri müzakirə olunur.

Loading...
Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR