• USD 1,7000 0,00% EUR 1,9288 0,00%
    • GBP 2,2567 0,00% RUB 0,0264 0,00%

Seçki komissiyalarının mühafizəsini 12 mindən çox polis əməkdaşı təmin edəcək

Seçki komissiyalarının mühafizəsini 12 mindən çox polis əməkdaşı təmin edəcək

Aprelin 11-də Azərbaycanda prezident seçkiləri zamanı dairə və məntəqə seçki komissiyalarının mühafizəsini 12 mindən artıq polis əməkdaşı təmin edəcək.

Publika.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində “Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə əlaqədar daxili işlər orqanlarının ictimai asayişin mühafizəsində hazırlığının vəziyyəti və qarşıda duran vəzifələr”ə və “Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi sahəsində görülən işlərin vəziyyəti”nə həsr olunmuş geniş Kollegiya iclasında Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov deyib.

O qeyd edib ki, seçkilərin gedişi, eləcə də qanun pozuntuları barədə daxil olmuş məlumatların yoxlanılaraq zəruri tədbirlərin görülməsi və nəticələrinin vaxtında məruzə olunması məqsədilə nazirliyin aidiyyəti baş idarə və idarələrinin əməkdaşlarından ibarət xüsusi işçi qrupu, Bakı Şəhər Baş Polis İdarəsində isə xüsusi operativ qrup yaradılıb.

Seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində, eləcə də səsvermə günü seçicilərin, beynəlxalq müşahidəçilərin və bu prosesdə iştirak edən digər subyektlərin təhlükəsizliyinin təmini, hüquqlarının qorunması, vətəndaşlarla ünsiyyətdə polis əməkdaşlarının etik davranış qaydalarına ciddi riayət etmələri kimi məsələlər də diqqət mərkəzində saxlanılır. Polisin bu mühüm mərhələdə hüquq və vəzifələrinə dair Mərkəzi Seçki Komissiyası ilə birgə hazırlanmış 11 min ədəd “Yaddaş kitabçası” şəxsi heyətə paylanıb. Həmçinin bu il fevralın 15-də “Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda Mərkəzi Seçki Komissiyasında keçirilmiş müşavirədə kurator nazir müavini tərəfindən seçki prosesində polis orqanlarının hüquq və vəzifələri, həyata keçirilən təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumat verilib.

Məruzəçi qeyd edib ki, Daxili İşlər Nazirliyinin bütün orqan və hissələri gücləndirilmiş iş rejimində xidmət aparacaq, dairə və məntəqə seçki komissiyalarının mühafizəsini təmin edəcək 12 mindən artıq polis əməkdaşı bütün zəruri xüsusi və digər vasitələrlə tam təchiz olunub, şəhər, rayon polis orqanlarının dislokasiya planlarındakı dəyişikliklər nəzərə alınmaqla ictimai yerlərdə, o cümlədən küçələrdə hüquq qaydasının təmin edilməsinə cəlb olunan naryadların sayı artırılıb. Təbliğat-təşviqat kampaniyasının keçirildiyi yerlərdə və səsvermə günü seçki məntəqələrinin ətrafında hüquq qaydasına riayət olunmasının vəziyyəti “Təhlükəsiz şəhər” sisteminin müşahidə kameraları ilə fasiləsiz izlənəcək, bütün hüquqazidd hərəkətlərə dərhal reaksiya verilməklə yaxınlığındakı naryadlar hadisə yerinə yönəldiləcək. Bildirilib ki, seçki bülletenləri dairə və məntəqə seçki komissiyalarına daxil olduğu andan dairə və məntəqələr polis orqanları tərəfindən 24 saat müddətinə mühafizəyə götürüləcək.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
loading...