Politoloqdan SƏRT SÖZLƏR: "Bako Saakyanla İŞİD arasında fərq yoxdur və ABŞ..."
Bizi izləyin

Nida Xəbər

Politoloqdan SƏRT SÖZLƏR: "Bako Saakyanla İŞİD arasında fərq yoxdur və ABŞ..."

“Şübhəsiz ki, Bako Saakyanın ABŞ-a səfəri ona viza verilməsi prosedurandan başlayaraq sonuna qədər qeyri-qanuni addımdır”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri Bako Saakyanın ABŞ-a qeyri-qanuni səfər etməsi məsələsini şərh edərkən deyib.

Politoloq bildirib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədridir və Qarabağ münaqişəsinin həllinə mane olan istənilən addımı atmaqdan çəkinməlidir:

“Digər tərəfdən Bako Saakyan cinayətkardır. Dağlıq Qarabağ ərazisinin işğal edilməsi nəticəsində formalaşdırılmış qondarma rejimə “rəhbərlik” edir və bu qeyri-qanuni qruplaşmanın rəhbəri olduğu üçün cinayət məsuliyyəti daşıyır. Eyni zamanda, bu gün Dağlıq Qarabağ terrorçuların, cinayətkarların yuvasına çevrilib. Faktiki olaraq, ABŞ terrorizmə qarşı mübarizə apardığını bəyan edir və bir terrorçu bu bəyanatı verən ölkəyə səfər edir. Bu da ikili standartın bariz nümunəsidir. Bu gün Əl-Qaidənin, yaxud İŞİD-in hər hansı bir terrorçusu ilə Bako Saakyan arasında fərq yoxdur.

Qondarma bir rejim, həm də işğal olunmuş ərazilərdə yaradılan qondarma bir rejim bir neçə istiqamətdə qanun pozuntusuna yol verir. Əvvəla, bu şəxs qondarma rejimin təmsilçisi kimi ABŞ-a səfər edir. İkincisi, başqa bir ölkənin, yəni işğalçı ölkənin verdiyi şəxsiyyət vəsiqəsindən istifadə edir. Nəzərinizə çatdırım ki, ABŞ-da viza almaq və pasport yoxlanışları kifayət qədər mürəkkəb prosedurdur. Oraya səfər edən hər kəsin barmaq izləri götürülür, araşdırılır ki, hara mənsubdur, hansı ictimai-siyasi fəaliyyətlə məşğuldur. Bütün bu faktorlar araşdırıldıqdan sonra viza verilir. Ancaq görürük ki, açıq şəkildə bir cinayətkara viza verilib. Şübhəsiz ki, bu, beynəlxalq hüquq normalarına, həm də ABŞ-ın prinsiplərinə və hüquqi normalarına ziddir. Bu səfərin başqa bir izahı yoxdur.

Bu səfərdə hər hansı xoşməramlı niyyətdən söhbət gedə bilməz. Çünki Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ilə müzakirə aparılırsa, bu müzakirə yalnız ABŞ həmsədr ölkə kimi regiona səfər edən zaman baş tutur. Yəni, həmin şəxslərlə yalnız indiki hüquqi normada ABŞ, yaxud ATƏT-in Minsk Qrupu həmsədrlərinin müzakirə aparmaq hüququ var və buna danışıqlar prosesinin çərçivəsində razılıq verilib. Amma fərdi qaydada bir şəxsin dəvət olunması və konqresdə onlarla görüşün keçirilməsi qeyri-qanuni hərəkətlərdir. Bu səfər təbii ki, ABŞ-la Azərbaycan arasındakı münasibətlərə zərbə vurur. Bu səfər ABŞ-ın nə BMT, nə də ATƏT-in Minsk Qrupundakı mandatına uyğun gəlir.

Birləşmiş Ştatlar səfərin məqsədini açıqlamalıdır. Bu separatizmi stimullaşdırmaqdan başqa bir şey deyil və beynəlxalq hüquqlara ziddir.

Hesab edirəm ki, Azərbaycan ərazisində formalaşdırılmış cinayətkar qruplaşmalara cinayət işi açılmalı və bu şəxslər haqqında qiyabi hökm çıxarılmalıdır. Bu şəxslərin cinayət məsuliyyətinə cəlb olunması şərtdir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm