“Xocalı dərsi” sənədli filmi təqdim olundu - FOTO
Bizi izləyin

Nida Xəbər

“Xocalı dərsi” sənədli filmi təqdim olundu - FOTO

Bu gün Prezident yanında Bilik Fondunun maliyyə dəstəyi ilə “ARB Aran” və “Qulp Studio”nun çəkdiyi “Xocalı dərsi” sənədli filminin təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənovun məsləhəti əsasında əməkdar jurnalist Mübariz Əsgərovun ssenari müəllifliyi və rejissorluğu ilə çəkilən filmdə “Xocalı soyqırımı, səbəbləri, nəticələr və beynəlxalq aləmdə tanınması” kitabındaki faktlardan istifadə olunub.

Tədbiri giriş sözü ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, filmdə həmin gecə yaşananlar hadisə şahidlərinin dilindən təqdim edilib: “45 dəqiqəlik filmdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə və sonrakı günlər erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində həyata keçirdiyi soyqırımının dünya mətbuatında necə işıqlandırılması göstərilir. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan təbliğat işləri və nəticədə, xarici ölkələrin bu soyqırımı tanıması haqqında ətraflı məlumat verilib.

Filmdə erməni işğalçılarının Xocalıya basqın etdiyi gecədən sonra 4 gün meşədə gizlənən bir ailənin çəkdiyi əzablardan bəhs edilir. Hadisənin canlı şahidi olan Xocalı sakini Sənəm Abdullayeva o dəhşətləri xatırlayaraq dinc əhalinin başına gətirilən müsibətlərdən danışıb, anası, atası və 16 yaşlı kiçik bacısının meşədə öldüklərini deyib”.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bu filmin Azərbaycan tarixinin ən qanlı səhifələrindən birinə həsr olunduğunu deyib: “Azərbaycan dövlətçiliyinin tarixi uzun əsrlərlə ölçülür. Ermənilərin bizim torpaqlarımıza köçürülməsindən bəri etnik təmizləmə, soyqırımlar həyata keçirilib. Onların həyata keçirdiyi etnik təmizləmə, soyqırımı proseslərinin ən qanlı səhifələrinin başında Xocalı faciəsi durur. Bir vaxtlar saxta xalqlar dostluğu ideyaları ilə keçmişimiz təhrif olunmuş şəkildə bizə təqdim olunub, bu məsələləri lazımı şəkildə örənib yeni nəsillərə ötürə bilməmişik, bunun da ağır nəticələri soyqırımı hadisələrin yenidən təkrarlanması, Xocalı soyqırımı kimi faciələrlə nəticələnib. Hesab edirəm ki, Xocalı faciəsinin öyrənilməsi, gələcək nəsillərə çatıdırılması, dünya miqyasında tanınması üçün çox işlər görməliyik. Dövlət səviyyəsində bu məsələdə ardıcıl işlər həyata keçirilir. Xocalı soyqırımı ilə bağlı görüləcək işlər çoxdur, dövlət başçısı və ümumiyyətlə, dövlət sturukturlarında bununla bağlı görülən işlər böyük dəstək rolunu oynayır”.

Ə.Mehdiyev onu da vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət” kampaniyası istiqamətində görülən işlər nəticəsində Xocalı soyqırımı 16 ölkədə hökumət və parlament səviyyəsində tanınıb, ABŞ-ın 20-dən çox ştatında bununla bağlı müxtəlif tədbirlər görülüb, İslam Əməkdaşlıq Təşkilatı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Bu faciə şahidlərinin dilindən sənədli filmin çəkilməsi faciənin daha geniş ictimaiyyətə çatdırılmasına böyük dəstək olacaq”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov bildirib ki, filmin üstün cəhəti tarixi sənədlərə əsaslanmasıdır: “Bu faktlar sübut edir ki, filmdəki məqamları biz uydurmamışıq, bunları xarici jurnalistlər gözləri ilə görüblər. Hətta bəzi məlumatlar Azərbaycan mətbuatında da verilməyib. Bu hadisənin dünya ictimaiyyətinə çatıdırılması üçün Heydər Əliyev Fondunun gördüyü işlərin əhəmiyyəti böyükdür. Hesab edirəm ki, bu filmin gələcəkdə xarici dillərə tərcümə edilməlidir. Faciəni dünya ictimaiyyətinə çatdırmaq, Ermənistanı dünyada ifşa etmək üçün hər birimiz əlimizdən gələni etməliyik”.

Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, dövlətçilik tariximizin son 200 ilində faciələr yaşamışıq və onlar çox zaman bizə unutdurulub:

“Bu faciənin Azərbaycan xalqının gözünün qorxudulması üçün törədildiyini Serj Sarkisyan da etiraf edib. Lakin hər zaman olduğu kimi bu gün də faciəni törədənlər Azərbaycanın qisasından qorxur. Biz də yenidən o torpaqların geri qaytarılması üçün çalışmalıyıq. Bu, hər birimizin arzusudur. Belə faciələrin bir daha yaşanmaması üçün biz bu cür filmləri çəkməli, faciəni gələcək nəsillərə çatdırmalıyıq”.

Gülxar Şərif,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm