• USD 1,7000 0,00% EUR 1,9288 0,00%
    • GBP 2,2567 0,00% RUB 0,0264 0,00%

Respondentlərin 83, 4 faizi İlham Əliyevi seçdi - SORĞU

Respondentlərin 83, 4 faizi İlham Əliyevi seçdi - SORĞU

Mərkəzi ofisi Fransanın Paris şəhərində yerləşən və sosial tədqiqatlar üzrə ciddi təcrübəyə malik "OpinionWay" təşkilatı və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin qiymətləndirilməsi, habelə, əhalinin keçiriləcək seçkilərdə iştirakla bağlı maraq səviyyəsini öyrənmək məqsədilə cari ilin mart ayında sosioloji sorğu keçirib.

Bu gün sorğunun nəticələri açıqlanıb.

Bununla bağlı keçirilən mətbuat konfransında "OpinionWay" təşkilatının nümayəndəsi Bruno Janbart bildirib ki, sorğuya Naxçıvan Muxtar Respublikasının ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla respublikanın digər şəhər və rayonlarında yaşayan və yaşı 18-dən yuxarı olan 1200 nəfər respondent cəlb olunub.

Sorğuda iştirak edən respondentlərin 48.1 faizini kişilər, 51.9 faizini qadınlar təşkil edib. Respondentlərin 15.6 faizi 18-24 yaş, 24.5 faizi 25-34 yaş, 33 faizi 35-49 yaş, 18.5 faizi 50-64 yaş və 8.4 faizi isə 65 və daha yaşlı qruplara aid olub.

Respublikadakı mövcud iqtisadi vəziyyətin qiymətləndirilməsi məqsədi daşıyan suala respondentlərin 45.9 faizi vəziyyətin əvvəlki illərə nisbətən daha da yaxşılaşdığı, 23.4 faizi dəyişilməz qaldığı, 11.7 faizi isə vəziyyətin pisə doğru dəyişdiyi qənaətində olduğunu bildirib.

Bir sıra ictimai, siyasi və iqtisadi məsələlərlə bağlı mövcud vəziyyətin nə dərəcədə qənaətbəxş olduğunu öyrənmək üçün respondentlərə verilmiş suala rəyi soruşulanların 67.6 faizi milli təhlükəsizlik, 66.1 faizi iş imkanlarının mövcudluğu, 60.4 faizi isə cinayətkarlıqla mübarizənin onları qane etdiyini vurğulayıblar. Təhsil və korrupsiya ilə bağlı vəziyyət respondentləri narahat edən məsələlər içində daha tez-tez, (müvafiq olaraq, 29.1 faiz və 27.2 faiz) səsləndirilib. Bununla yanaşı, ölkədə mövcud olan ən vacib problemlərin prioritetləşdirilməsi ilə bağlı suala verilmiş cavablardan aydın olur ki, respondentlərin 78.2 faizini Dağlıq Qarabağ və ətraf ərazilərin Ermənistana məxsus silahlı birliklər tərəfindən işğalı, 22.5 faizini iqtisadiyyatın vəziyyəti, 21.9 faizini isə ətraf mühitin korlanması daha çox narahat edir.

Sorğu zamanı müəyyən edilib ki, respondentlərin 68.9 faizi Azərbaycanda mövcud siyasi sistemin fəaliyyətindən razı, 15.4 faizi isə narazı olduğunu göstərib. Rəyi soruşulanların 15.7 faizi sualı cavablandırmaqda çətinlik çəkdiyini bildirib.

“Prezident İlham Əliyevin ölkə başçısı kimi vəzifəsinin icrası sizi nə dərəcədə qane edir” sualına rəyi soruşulan respondentlərin 81.4 faizi bu məsələnin onları qane etdiyini, 11.2 faizi isə qane etmədiyini göstərib. Respondentlərin 7.4 faizi bu sualla bağlı hər hansı münasibət bildirməkdə çətinlik çəkdiyini bildirib.

Sorğunun nəticələri onu söyləməyə imkan verir ki, əhali arasında prezident seçkiləri ilə bağlı aparılan kampaniyaya maraq kifayət qədər böyükdür. Respondentlərin 78.2 faizi bu kampaniya ilə bağlı maraqlı olduğunu qeyd edib. Sorğuda iştirak edənlərin 15.2 faizi seçki kampaniyası ilə ümumiyyətlə maraqlanmadığını göstərib, 6.6 faizi isə sualı cavablandırmaqdan imtina edib.

Seçkilərdə iştirak edib-etməyəcəkləri ilə bağlı sualı cavablandıran respondentlərin 80.5 faizi qarşıdan gələn seçkilərdə iştirak edəcəyini, 12.7 faizi istə iştirak etməyəcəyini bildirib. Respondentlərin 6.8 faizi seçkidə iştirakları ilə bağlı hələ yekun qərar qəbul etmədiyini göstərib.

“Aprelin 11-də keçiriləcək prezident seçkilər bu gün keçirilsəydi hansı namizədə səs verərdiniz” sualına sorğuda iştirak edən respondentlərin 83.4 faizi İlham Əliyevi seçib.

Rəyi soruşulanların 12.0 faizi seçki kampaniyasında iştirak edən digər 7 nəfərə səs vermək niyyətini bildirib. Respondentlərin 1.9 faizi namizədlərdən heç birinə səs vermək istəmədiyini, 2.7 faizi isə bununla bağlı hazırda hər hansı bir fikri olmadığını göstərib.

Qeyd edək ki, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə seçkidə "exit-poll" keçirəcək. (apa)

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
loading...