Politoloq: “Bu, Azərbaycan Prezidentinin praqmatik xarici siyasətinin nəticəsidir”
Bizi izləyin

Nida Xəbər

Politoloq: “Bu, Azərbaycan Prezidentinin praqmatik xarici siyasətinin nəticəsidir”

Güclü siyasi əlaqələrə əsaslanan, möhkəm tarixi və mədəni kökləri olan İran-Azərbaycan münasibətləri dünya üçün müsbət qonşuluq nümunəsidir. Son dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan vermişdir. İranın Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri ikitərəfli əlaqələrdə yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.

İran prezidentinin səfərini şərh edən siyasi elmlər namizədi, politoloq Elşad Mirbəşiroğlu Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Huhani ilə indiyə kimi bir neçə dəfə həm ikirətəfli, həm də çoxtərəfli formatlarda görüşüb və bu görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafının göstəricisi hesab oluna bilər.

Dövlətləarası münasibətlərin inkişafında müsbət dinamikanın olduğunu bildirən Elşad Mirbəşiroğlu qeyd edib ki, müəyyən dövlərdə bir sıra məsələlərlə bağlı fikir ayrılıqları olsa da, hazırda bu, müşahidə olunmur. Müsahibimizin sözlərinə görə, bu, birbaşa olaraq Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik xarici siyasətinin nəticəsidir.

Politoloq qeyd edib ki, tərəflərin əməkdaşlığı genişləndirməkdə maraqlı olduğu sahələr arasında energetika və nəqliyyat sektorları xüsusi yer tutur. Onun sözlərinə görə, Həsən Ruhaninin səfəri zamanı İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması həm iqtisadi, həm də siyasi baxımdan olduqca mühüm əhəmiyyət kəsb edir:

“Əməkdaşlığın yeni səviyyəyə qaldırılması, energetika sahəsində ciddi razılaşmaların əldə olunması və yataqların birgə işlənməsi üzrə razılaşmanın imzalanması təbii ki, dünya enerji bazarında Azərbaycan və İranın birgə iştirakının əsasının qoyulması barədə fikir söyləməyə imkan verir. Bu, Azərbaycan üçün böyük əhəmiyyət daşıyır, amma İran üçün daşıdığı əhəmiyyət daha böyükdür. Çünki, İranın dünya enerji bazarına çıxışları məhduddur.Azərbaycanla enerji sahəsində əməkdaşlıq etməklə dünya enerji bazarına çıxış imkanlarının əldə olunması İran iqtisadi dividentlər gətirməklə yanaşı, həm də siyasi mövqeyini gücləndirə bilər. Bu baxımdan, İran və Azərbaycan arasında enerji razılaşmasının imzalanması həm ikitərəfli münasibətləri yeni mərhələyə qaldırır, həm də iki ölkənin beynəlxalq iqtisadi münasibətlər sistemində yeni xarakterini müəyyən edir”.

Xəzərin statusunun müəyyən edilməsi ilə bağlı son vaxtlar kifayət qədər pozitiv dəyişikliklərin müşahidə olunduğunu vurğulayan politoloq hesab edir ki, 4 Xəzəryanı ölkənin - Azərbaycan, Rusiya, Qazaxıstan və İranın prinsipial razılıq əldə etməsi ciddi nailiyyətdir. Onun sözlərinə görə, 4 ölkə ölkə arasında razılığın əldə olunması Xəzər hövzəsinin 5-ci ölkəsi olan Türkmənistanın razılaşmaqdan başqa çıxış yolu olmayacaq:

“Tərəflərin Xəzərin statusu ilə bağlı hazırkı mövqeyinə diqqət yetirsək görərik ki, burada tərəflərin bütün maraqları praktiki olaraq təmin olunub və statusun bu şəkildə müəyyənləşdirilməsi Xəzəryanı ölkələrin maraqlarına cavab verir. Bu baxımdan, Türkmənistanın da öz iddialarını davam etdirməsi üçün əsasları yoxdur. Digər tərəfdən, Rusiya güclü amildir və Türkmənistan bu amili nəzərə almalı olacaq. Nəhayət, proqnozlaşdırıldığı kimi, yaxın vaxtlarda Xəzərin yekun statusu ilə bağlı razılaşma imzalanacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm