“Ziyalılar bu məsələyə vahid mövqedən yanaşıblar” - Komitə sədri
Bizi izləyin

Nida Xəbər

“Ziyalılar bu məsələyə vahid mövqedən yanaşıblar” - Komitə sədri

“Əsrin əvvəlində Azərbaycanda, məhz Bakıda hakimiyyət uğrunda mübarizə getməsinə baxmayaraq, bu gün biz bunu ona görə soyqırımı kimi dəyərləndirə bilirik ki, Azərbaycanın müxtəlif partiyalardan - istər Müsavat istərsə də, bolşevik partiyalarından olan ziyalıları bu məsələyə vahid mövqedən yanaşıblar. Həm Nəriman Nərimanov, həm Məhəmməd Əmin Rəsulzadə bu hadisələri soyqırımı kimi dəyərləndirib”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin xüsusi iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri təklif edib ki, tarixçiləri ötən əsrin 20-30-cu illərinə aid arxiv sənədlərinə yenidən baxsın:

“Çünki faktiki olaraq 30-cu illərdən sonra həmin hadisələri vətəndaş müharibəsi kimi qiymətləndiriblər. Amma 20-ci illərdə bir çox tarixçimiz 18-ci ildəki mart hadisələrinin soyqırımı olduğunu sübut edib”.

Ə.Hüseynli bildirib ki, hadisə ilə bağlı Hacı Zeynalabdin Tağıyev və bir sıra ziyalılar dünyaya müraciət etdikdən sonra hələ Qafqaz İslam Ordusu gələnə qədər ilk köməyi Dağıstan müsəlmanları, ümumilikdə Şimali Qafqaz müsəlmanları ediblər: “Şimali Qafqazın müftisi dərhal qərar qəbul edib, bir qrup müsəlman Şimali Qafqazdan Bakıya yürüş edib. Təxminən 1500 atlı Şimali Qafqazdan Bakıya yol alıb, yolboyu onlara əlavə 1000 atlı da qoşulub. Onlar aprelin 7-də indiki Xırdalan ərazisinə qədər gəlib, orada ermənilərlə gərgin döyüşlər baş verib. Bununla, sonradan Qafqaz İslam Ordusunun uğurla Bakıya çatması üçün zəmin yaradıldı. O cümlədən Qarabağda, Zəngəzurda və Göyçədə gedən mübarizədə də əhalimiz yaxından iştirak edirdi. Xosrov bəy Sultanov və digərləri mühasirədə olmalarına baxmayaraq, Bakıya da kömək edirdilər”.

Ə.Hüseynli bildirib ki, bütün bunlar nəzərə alınsa, 1918-ci ildə baş verənlərlə 1988-ci ildə baş verənlər bir-birindən fərqlənir: “Çünki əsrin əvvəlində hakimiyyətlə xalq birliyi vardı, 1988-92-ci illərdə isə bu birlik mövcud deyildi. Bu da torpaqlarımızın yenidən işğalı ilə nəticələndi. 1993-cü ildən sonra ulu öndər Heydər Əliyevin verdiyi fərmanla, xüsusilə cənab prezidentin gördüyü işlər nəticəsində azərbaycanlılar, dünyadakı türklər və müsəlmanlar artıq baş verən hadisə ilə bağlı obyektiv bilgilərə malikdirlər”.

Cavad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm