Türkiyənin ədliyyə naziri Baş Prokurorluğa gəldi
Bizi izləyin

Nida Xəbər

Türkiyənin ədliyyə naziri Baş Prokurorluğa gəldi

Aprelin 3-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə baş prokuror Zakir Qaralov tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirib. Zakir Qaralov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə ifadə edilən əlaqələrimizin ölkələrimizin dövlət başçılarının ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxaraq dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Baş prokuror mövcud ikitərəfli hüquqi əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayaraq, Türkiyədə 2016-cı ildə baş vermiş 15 iyul hadisələri ilə bağlı başlanmış cinayət işi üzrə aparılan geniş istintaq-əməliyyat tədbirlərində Azərbaycanın hüquq mühafizə orqanlarının fəallığını qeyd edib.

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı qardaş Azərbaycan dövləti və xalqının göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edən nazir Əbdülhəmid Gül ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini bildirib. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib. Qonaq bir neçə gün öncə ölkəmizdə yad edilən azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Söhbət zamanı hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.

Sonda nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm