FHN işçilərinin Həmkarlar İttifaqı Qubada konfrans keçirdi - - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

FHN işçilərinin Həmkarlar İttifaqı Qubada konfrans keçirdi - - FOTOLAR

Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar, ölkəmizdə keçirilən silsilə tədbirlərə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı tərəfindən aprelin 6-da nazirliyin qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitə sədrlərinin bir qrupunun, gənc alim və tədqiqatçıların iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksinə ziyarət təşkil edilib.

FHN-dən Publika.az-a bildiriblər ki, ziyarətçilər əvvəlcə erməni vəhşiliyinin əyani sübutu olan kütləvi məzarlığa baş çəkərək faciə qurbanlarının xatirə abidəsinin önünə qərənfillər qoyublar. Daha sonra memorial muzey kompleksinə gələn ziyarətçilər burada soyqırımına aid olan sənədli eksponatlarla tanış olublar.

Sonra Quba Soyqırımı Memorial Kompleksinin zalında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə respublikanın gənc alim və tədqiqatçılarının iştirakı ilə “Azərbaycanlıların soyqırımı - 100 il” mövzusunda elmi-praktik konfrans keçirilib.

Soyqırımı qurbanlarının və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunduqdan sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov elmi-praktik konfransın işini açıq elan edərək, ermənilərin tarix boyu Azərbaycan xalqının başına gətirdiyi qanlı müsibətlərə geniş nəzər salıb. Həmçinin soyqırımı qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi və xalqın milli yaddaşının bərpası və tarixi həqiqətlərin aşkarlanması sahəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi işlərdən geniş söhbət açıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək XX əsrdə baş verən ən dəhşətli faciələrdən biri kimi tariximizə həkk olunmuş 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün miqyası və coğrafiyası baxımından bu faciələrin içində ən amansızı, Qubada olan məzarlığın soydaşlarımızın başına gətirilən müsibətin əyani təzahürü və tarixi gerçəklik olduğunu bildirib.

Fövqəladə Hallar Nazirliyi Aparatı Katibliyinin rəis müavini Ziya Hacılı “Azərbaycan xalqının milli yaddaşının qorunması və tarixi gerçəkliyin bərpasında 1918-ci il soyqırımı hadisələrinin tarixi-siyasi əhəmiyyətinin təhlili” mövzusunda çıxış edərək soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin Azərbaycan xalqının qan yaddaşının bərpa olunması baxımından əhəmiyyətli rol oynadığını qeyd edib.

AMEA-nın Elm Tarixi İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavidan Qasımlı, Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafarzadə, Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsinin doktorantı Gülnar Qasımlı və digər natiqlərin 1918-ci il soyqırımı hadisələri və erməni vandalizmi haqqında geniş çıxışları ilə konfrans işini davam etdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm