• USD 1,7000 0,00% EUR 1,8927 +0,29%
    • GBP 2,1046 +0,30% RUB 0,0242 0,00%

Mətbuat Şurası Prezident seçkiləri ilə bağlı hesabatını təqdim etdi - FOTO

Mətbuat Şurası Prezident seçkiləri ilə bağlı hesabatını təqdim etdi - FOTO

Mətbuat Şurası Prezident seçkilərinin kütləvi informasiya vasitələrində işıqlandırılmasına dair hesabatını açıqlayıb.

Publika.az xəbər verir ki, hesabat barədə məlumat verən Mətbuat Şurasının sədri Əflatun Amaşov seçkinin işıqlandırılmasında Kütləvi İnformasiya Vasitələri qanunvericiliyin tələblərini pozmadığını deyib:

“KİV-lərin seçkiqabağı təşviqat mərhələsindəki və sükut dövründəki fəaliyyəti, həmçinin jurnalistlərin seçki günü peşə fəaliyyətlərini yerinə yetirmələri araşdırılıb.11 aprel 2018-ci il Prezident seçkilərini işıqlandırmalarında Azərbaycan Respublikasının Konstitusiyasından, Seçki Məcəlləsindən, “Kütləvi informasiya vasitələri haqqında” Qanunundan, Mərkəzi Seçki Komissiyasının "Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatn aparılması qaydası haqqında” Təlimatından, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”ndan irəli gələn tələbləri necə yerinə yetirmələri, seçki materiallarının təsnifatlandırılmış statistikası əksini tapıb. 6 telekanalda axşam praym-taym saatlarındakı namizədlərlə bağlı yayımlar, 15 mətbu KİV və 10 informasiya agentliyi və internet informasiya resurslarının materialları monitorinqə cəlb edilib. Telekanallarda kommersiya, elan, qaçan sətirlər nəzərə alınmayıb. Monitorinq materialları kimi yalnız namizədlərlə bağlı sırf təbliğat materialları nəzərdən keçirilib”.

Ə.Amaşov bildirib ki, monitorinqi aparılmış KİV-lərin Azərbaycan Prezidentliyinə Namizədlərlə bağlı materiallarına əsasən 4 aspektdən yanaşılıb.

“Birinci növbədə materialların ümumi sayı nəzərə alınıb. Burada KİV-lərdə namizədlərlə bağlı yayımlanmış bütün materialların qeydiyyatı aparılıb. İkinci aspekt materialların namizəddən bəhs edilməsi ilə bağlı göstəricilərdir. Üçüncü aspekt kimi materiallarda namizədin təqdim olunması forması nəzərə alınıb. Dördüncü aspekt prezidentliyə namizədə yaxud səlahiyyətli nümayəndəsinə təbliğat imkanının yaradılması ilə bağlıdır. Monitorinqi aparılmış materialların təhlili göstərir ki, KİV-lər seçki ilə bağlı təqdimatlarda maraqlı olublar. Namizədlərə əsasən bərabər imkanların yaradılmasına çalışıblar. Mediada heç bir namizədə etikadan kənar münasibət bildirilməyib, diskriminasiya hallarına yol verilməyib, hər hansı qərəz nümayişi, təhqir, böhtan və ya aşağılayıcı münasibət motivləri nəzərə çarpmayıb. Əvvəlki seçki dövrləri ilə müqayisədə bu nəticəni böyük uğur kimi qiymətləndirmək mümkündür”.

Şura sədrinin sözlərinə görə, monitorinqə cəlb edilmiş bəzi KİV-lərin materiallarında gizli siyasi təşviqat elementlərinə rast gəlinib.

“Lakin əvvəlki seçki dövrləri ilə müqayisədə belə hallara çox az təsadüf olunub. Ümumən bu kimi hallar nəzərəçarpacaq tendensiya kimi diqqət çəkməyib. Ancaq belə yanaşma istər-istəməz bəzi namizədlərin mediada təşviq olunmasını məhdudlaşdırıb. Onlar əsasən seçki məqsədi ilə ayrılmış vaxt və görüşlərdə özlərini təbliğ etmək imkanına malik olublar.

Hesabat dövründə monitorinqi aparılmış KİV-lərdə prezidentliyə namizədlərlə bağlı ümumilikdə 1051 material yayımlanıb. Bunlardan 311-i telekanallarda, 341 qəzetlərdə, 399-u informasiya agentlikləri və internet informasiya resurslarında yer alıb. Seçkiqabağı təşviqat müddətində namizədlərlə bağlı cəmi 11 mənfi yüklü material yayımlanıb. Bunlardan 4-ü qəzetlərdə, 7-i informasiya agentlikləri və internet informasiya resurlarında qeydə alınıb. Telekanallarda ümumən mənfi təqdimat hallarına rast gəlinməyib”.

Ə.Amaşov bildirib ki, Mətbuat Şurası Prezident seçkiləri günü Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərib.

“Həmçinin jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparıb. Bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri müxtəlif seçki məntəqələrində media təmsilçilərinə yaradılmış şəraitlə tanış olublar. Onlar müşahidəçi qismində də seçkinin gedişini izləyiblər. Ötən zaman kəsiyində Şuranın “qaynar xətt”inə cəmi 1 müraciət daxil olub. “İnter.az” telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb”.

Qeyd edək ki, Mətbuat Şurası İctimai TV, ATV, Lider TV, Space TV, Xəzər TV, ARB telekanallarını, “Azərbaycan”, “525-ci qəzet”, “Palitra”, “Yeni Müsavat”, “Kaspi”, “Paralel”, “Ədalət”, “Bakı xəbər”, “Bizim yol”, “Xalq cəbhəsi”, “Şərq”, “Mövqe”, “Novoye vremya”, “Ekspress”, “Olaylar” qəzetlərini, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAC), Azəri Press Agentliyi (APA), Trend İA, Azadinform İA, “Report” İA, “Salamnews” İA, Modern.az, Qafqazinfo.az, Teleqraf.com, 1news.az informasiya agentlikləri və internet informasiya resurslarını monitorinqə cəlb edib.

Gülxar

Foto Elnur Muxtar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR