Sarkisyanı devirə biləcəklərmi? - İrəvan küçələrindəki döyüşün mümkün nəticələri
Bizi izləyin

Nida Xəbər

Sarkisyanı devirə biləcəklərmi? - İrəvan küçələrindəki döyüşün mümkün nəticələri

“Ermənistanda baş verən hadisələr heç də Sarkisyanın istefası ilə nəticələnməyəcək”.

Bu sözləri Ermənistanda baş verən siyasi prosesləri Publika.az-a şərh edən siyasi ekspert Arzu Nağıyev deyib.

Ekspert hesab edir ki, baş verən proseslər əvvəldən sona qədər planlaşdırılıb: “Ermənistanın baş naziri seçilmiş Serj Sarkisyan istefa verməyəcək. Məlum məsələdir ki, Ermənistan prezidentinin kimliyini məhz Sarkisyan özü təyin edir. Yəni, bu gün, prezident postuna seçilən Armen Sarkisyan özü də "Qarabağ klanı"nın inhisarında olan adamlardan biridir. Baxmayaraq ki, o özü "Qarabağ klanı"ndan deyil. Dünənki çıxışı zamanı Sarkisyan özü də müəyyən məsələlərə toxundu. Ümumilikdə, Ermənistanda nə baş verir sualında şübhə doğuran məqamlardan biri proseslərin qeyri-təbiiliyidir. Sanki, düşünülmüş şəkildə idarə olunan prosesə bənzəyir. Amma nəhayətində baş verənlərdə həm xarici, həm də daxili siyasətçilərin öz marağı var. Bütün bunlarla yanaşı onu da yadda saxlamaq lazımdır ki, Rusiya bu gün Serj Sarkisyanın hakimiyyətdən getməsinə qətiyyən imkan verməz. Çünki, o Rusiyanı qane edən siyasətçilərdən biri olub. Eləcə də baş nazir kimi onların işinə yarayacaq fiqurdur. Gələcəkdə də hər hansı bir müharibə şəraiti yaranarsa, Sarkisyan birbaşa ali baş komandan iddiasında olacaq adamdır”, - deyə o bildirib.

A.Nağıyev onu da əlavə edib ki, erməni xalqı nümayişlər keçirərək proseslərə etirazını bildirir: “Təbii ki, etirazlar var. Narazılıqlar davam edir. Sarkisyanın parlamentdəki çıxışına nəzər salın. O, çıxışında 2016-cı ilin aprel hadisələrinə yada salaraq, Ermənistan ordusunun olduqca acınacaqlı vəziyyətdə olduğunu dedi. Hətta o qeyd etdi ki, insanlarda güclü ruh düşkünlüyü var. Erməni vətəndaşları bu kimi məsələlərə görə hərbi xidmətə getmək istəmədiklərini belə dilə gətirdi. Ümumi olaraq istər iqtisadi, istərsə də siyasi cəhətdən baş verən prosesləri əyani şəkildə ortaya qoyacaq bir çıxış sərgilədi. Bu gün danılmaz faktdır ki, Ermənistanda nəinki hərbi və siyasi cəhətdən, eləcə də iqtisadi cəhətdən çox ciddi problemlər var. Böhran vəziyyəti yaranıb desək, yanılmarıq. Təbii ki, bu fürsətdən istifadə edən Qərb və digər müxalif qüvvələr bütün bunların günahını Sarkisyanda görür və onun seçilməsini problem edirlər. Burada bir məsələ Sarkisyan deyil, bir çox başqa faktorlar da öz sözünü deyir. Mən hesab edirəm ki, proseslər Sarkisyanın istefası ilə nəticələnməyəcək. Çünki, istefa məsələsi real olsaydı, bəzi bloklar onu baş nazir kimi görmək istəməzdilər. Təkrar vurğulamaq istəyirəm ki, bu gün Ermənistanda cərəyan edən proses idarə edilir və müəyyən müddətdən sonra ümumi razılıq əldə olunacaq, Sarkisyan da baş nazir kimi öz kürsüsündə oturacaq”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm