Sərkisyan dözülməz vəziyyət yaradıb - Millət vəkili
Bizi izləyin

Nida Xəbər

Sərkisyan dözülməz vəziyyət yaradıb - Millət vəkili

"Bu gün Ermənistanda baş verən iğtişaşlar gözlənilən idi. İşğalçı ölkədəki şiddətli etirazlar erməni xalqının Serj Sərkisyana qarşı haqlı narazılığının ifadəsidir. Çünki Serj Sərkisyan iqtidarı ölkədə dözülməz vəziyyət yaradıb. Ölkənin iqtisadiyyatı tamamilə çöküb, siyasi azadlıqlar məhdudlaşdırılıb, hakimiyyətin vətəndaş cəmiyyəti institutlarına, kütləvi informasiya vasitələrinə qarşı təzyiqləri artıb".

Publika.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

Sahibə Qafarova bildirib ki, ölkənin bütün sənaye müəssisələrini, enerji sektorunu faktiki olaraq xarici dövlətlərə məxsus şirkətlərə satan Serj Sərkisyan hakimiyyəti erməni diaspor təşkilatlarını da narazı salıb. Bu, diaspor təşkilatlarından gələn ianələrin də dayandırılmasına səbəb olub. Azərbaycana qarşı işğalçılıq siyasəti ucbatından bütün regional inteqrasiya proseslərindən kənarda qalan Ermənistanın gələcəyi ilə bağlı hər hansı nikbin proqnozlar vermək mümkün deyil. Bu gün Ermənistandakı daxili vəziyyəti ifadə edən faktlar ölkə vətəndaşlarının xaricə kütləvi axını, ölkəni birdəfəlik tərk etmələri, aclıq, səfalət, orduda özbaşınalıqların getdikcə artması ilə bağlıdır. İşğalçı ölkədə bu acınacaqlı durumun yaranmasının başlıca günahkarı isə şübhəsiz ki, Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının, terrorizm siyasətinin iştirakçılarından olan Serj Sərkisyan və onun cinayətkar komandasıdır. Belə olduğu halda, Serj Sərkisyanın yenidən öz hakimiyyətinin ömrünü uzatmaq üçün saxtakarlıqlara əl atması, xalqının iradəsini tanımaması erməni xalqının səbrini daşırıb və ölkə vətəndaşları artıq bu rejimə dözmək istəmir.

Milli Məclisin deputatı qeyd edib ki, işğalçı ölkədə ciddi iğtişaşlarla müşayiət olunan hadisələrin bu şəkildə cərəyan etməsində beynəlxalq ictimaiyyətin də rolu var. Belə ki, Ermənistanın işğalçılıq siyasətinə, bu ölkədə demokratik dəyərlərin, insan hüquqlarının pozulmasına, hakimiyyətdəki hərbi xuntanın təmsilçilərinin törətdikləri cinayətlərə göz yumulması, Ermənistana qarşı lazımi sanksiyaların, cəzaların tətbiq olunmaması bu gün müşahidə olunanlara rəvac verib. Cəzasızlıq mühiti Sərkisyan hakimiyyətini şirnikləndirib, o, faktiki olaraq özünü islaholunmaz birisi kimi aparır. Vaxtilə Ermənistan parlamentinin gülləbaran edilməsi, siyasətçilərin qətli, qanlı mart hadisələri, bu gün isə kütləvi etirazlarda Ermənistan polisinin insanlara qarşı qeyri-insani davranışları, yüzlərlə nümayişçinin həbsi, onlara qarşı güc tətbiqi də bir daha Sərkisyanın kriminal rejiminin, işğalçı ölkədə idarəetmə institutlarının antidemokratik, despot mahiyyətini ortaya qoyur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm