• USD 1,7000 0,00% EUR 1,9912 -0,51%
    • GBP 2,3304 -0,68% RUB 0,0232 -0,86%

İƏT Gənclər və İdman nazirlərinin Bakıdakı sessiyası başa çatdı

İƏT Gənclər və İdman nazirlərinin Bakıdakı sessiyası başa çatdı

Bu gün Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatı ölkələri Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası öz işini başa çatdırıb.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin ev sahibliyi ilə həyata keçirilən tədbir İslam Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi və İdman Federasiyasının (İƏT İdman Federasiyası) birgə təşkilatçılığı ilə baş tutub.

İki gün davam edən Konfransda İƏT Gənclər Strategiyası, Ortaq Gənclər Fəaliyyəti və İdman üzrə Qətnamələr, Konfransın Yekun Hesabatı, nazirlər görüşünün növbəti 5-ci sessiyanın tarixi və yerinin müəyyən olunması ilə bağlı qərar, eləcə də yekun Bakı Bəyannaməsi müzakirə olunaraq qəbul edilib.

Bakı tədbirinin özəl cəhətlərindən biri İƏT tarixində ilk dəfə olaraq bu arealda konrket sahələr, - təhsil, elm, məşğulluq, biznes və s. üzrə gənclərin inkişafına xidmət edəcək Gənclər Strategiyası, eləcə də bu quruma üzv olan ölkələrin gənclik siyasəti sahəsində fəaliyyətini əlaqələndirəcək Ortaq Gənclər Siyasətinin qəbul edilməsidir. 2025-ci ilədək dövrü əhatə edəcək bu fəaliyyət planları İƏT ölkələrində gənclərlə bağlı ən əhatəli plandır. Hazırki sənədlərin qəbulu Azərbaycanın İƏT ölkələrinin gənclər siyasəti sahəsinə verdiyi önəmli töhfələrdən biri hesab olunur.

Konfransın yekun Bakı Bəyannaməsində bütün qəbul edilən qərarlara üzv ölkələrin öhdəlikləri qeyd olunmaqla yanaşı, Azərbaycan dövləti ilə “həmrəylik və tam dəstək nümayişi” olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası, qaçqınların geri qaytarılması, İƏT Gənclər Forumunun mədəniyyətlərarsı dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyasına dəstək verilməsinə üzv dövlətlərin dəvəti, işğal olunmuş ərazilərdə bütün növ gənclər və idman tədbirlərinin boykotu kimi müddəalar da öz əksini tapıb.

Bakı Bəyannaməsində eyni zamanda ayrıca müddəa olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 11 aprel 2018-ci ildə keçirilən prezident seşkilərində qalib gəlməsi münasibətilə üzv dövlətlərin yekdil təbriki də öz əksini tapıb.

Tədbirdə İƏT Gənclər və İdman nazirlərinin növbəti 5-ci sessiyasının 2020-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi qərara alındı.

Qeyd edək ki, İƏT GİN nazirləri Bakı toplantısında 40-dan çox İƏT ölkəsini təmsil edən gənclər və idman üzrə nazirləri, agentlik və komitə sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilat nümayəndələri iştirak edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR