“Bunu Ermənistan hakimiyyətləri də açıq şəkildə etiraf ediblər” - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

“Bunu Ermənistan hakimiyyətləri də açıq şəkildə etiraf ediblər” - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu. Bunlardan biri Azərbaycanın ərazi bütövlüyünün bərpası və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ idi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini münaqişənin həlli üçün əsas hüquqi baza adlandıran dövlət başçısı bildirib ki, Azərbaycan dünyaya haqlı olduğunu bir daha sübut edə bilib.

“Baxmayaraq ki, bizə qarşı kampaniyalar aparılır, erməni lobbi təşkilatları bizə qarşı kampaniyalar aparır. Ancaq bu kampaniyalar beynəlxalq təşkilatların qərarlarına təsir edə bilmədi. Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma “Dağlıq Qarabağ”ı heç kim tanımır və əminəm ki, tanımayacaq. Orada keçirilən qondarma “referendum”u bizim qonşu ölkələrimiz və beynəlxalq təşkilatlar pislədilər”, - deyə Azərbaycan prezidenti bildirib.

Publika.az-a açıqlamasında Azərbaycan Prezidentinin sözügedən çıxışını şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri ərazi bütövlüyünün təmin olunmasıdır.

Millət vəkili qeyd edib ki, Azərbaycan hakimiyyəti bu istiqamətdə çox ciddi və səmərəli iş aparır:

“Problemin həll edilməsi üçün dövlət kimi güclü olmalıyıq, iqtisadiyyatımız güclü olmalıdır, silahlı qüvvələrimiz günün tələblərinə cavab verməlidir. Cənab prezident özünün on beş illik fəaliyyətində bu məsələlərə ciddi diqqət yetirib. Dünən andiçmə mərasimində də bu məsələlərə bir daha toxunuldu və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daim səy göstərəcəyini bildirdi. Əlbəttə, Azərbaycan daxilində işlər görülməklə yanaşı, beynəlxalq aləmdə də problemin mahiyyətinin çatdırılması üçün böyük iş aparmaq lazımdır. Aparılan işlər nəticəsində beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanın işğalçı siyasətini pisləyirlər. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bir təşkilat belə Dağlıq Qarabağ məsələsində bu ölkənin mövqeyini müdafiə etmir. Bir təşkilat və dövlət belə, işğal edilmiş ərazilərdə keçirilən saxta referendum və seçkilərin nəticələrini tanımayıb. Cənab prezidentin də söylədiyi kimi, beynəlxalq ictimaiyyət də Azərbaycanın bu məsələdə bir daha haqlı olduğunu yəqin edir. Əlbəttə ki, aparılacaq işlər sonda problemin həllinə gətirib çıxarmalıdır. Azərbaycanla yanaşı, Ermənistanda da hakimiyyətin formalaşması prosesi gedir. Amma Azərbaycandan fərqli olaraq Ermənistanda bu, ciddi qarşıdurma və gərginlik fonunda baş verir. Dağlıq Qarabağ probleminin Ermənistan üçün faciəvi olduğu bu ölkənin cəmiyyəti tərəfindən də ciddi surətdə qəbul edilir. Cənab Prezidentin dünənki çıxışı bir daha göstərdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial mövqeyini qoruyub saxlayır və bundan sonra da bu istiqamətdə nəticələr əldə etmək fikrindəyik”.

Aydın Mirzəzadə bildirib ki, əvvəllər əhalinin sayına və tutduğu areala görə regionun lideri olan Azərbaycan bu gün həm də maliyyə resursları və iqtisadiyyatın potensialı baxımından regionun lider dövlətidir. Regionda bütün layihələrin məhz Azərbaycanın təşəbbüsü ilə həyata keçirildiyini diqqətə çatdıran millət vəkili vurğulayıb ki, Azərbaycan torpaqlarını işğal etməsəydi və ya işğalçılıq siyasətinə son qoysaydı, Ermənistan da bu layihələrin iştirakçısı olar, büdcəsinə əlavə gəlir gələr və əlavə iş yerləri açılardı:

"Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi üçün bu layihələrdən də kənarda qalıb. Bu siyasətin nəticəsidir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri oradan keçmədi, Bakı-Tbilisi-Qars dəmir yolu oradan keçmədi. Bu siyasətin nəticəsidir ki, Ermənistan Azərbaycanın investisiyalarını öz ölkəsinə cəlb edə bilmir. Bir sözlə, Ermənistan hərəkətlərinə və düşdüyü vəziyyətə görə peşmançılıq çəkməlidir. Azərbaycan bundan sonra da güclənəcək. Amma Ermənistanın ağır problemlər məngənəsində sıxıldığını öz hakimiyyətləri də açıq şəkildə etiraf edirlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm