“Prezident onlar üçün məkanı çox düzgün müəyyənləşdirib” - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

“Prezident onlar üçün məkanı çox düzgün müəyyənləşdirib” - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu. Bunlardan biri də antimilli qruplaşmalarla bağlı deyilən fikirlər idi.

“Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır”, - dövlət başçımız bildirib.

Azərbaycan Prezidentinin çıxışını şərh edən "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycan prezidenti onun ünvanına ən sərt tənqidlər söyləyən şəxslərə qarşı çox təmkinli davranıb.

Prezidentin şəxsiyyətinə toxunan məsələlərlə bağlı indiyə kimi heç kimin məhkəməyə verilmədiyini deyən müsahibimiz diqqətə çatdırıb ki, Azərbaycan Konstitusiyasına görə prezidentin şəxsiyyəti toxunulmazdır, şərəf və ləyaqəti qanunla qorunmalıdır.

“Amma Azərbaycan prezidenti bu məsələlərə hər zaman təmkinli yanaşıb ki, bəlkə insanlar səhvlərini başa düşərlər. Eyni zamanda dövlət başçısı hər zaman iqtidar-müxalifət münasibətlərinin sivil məcrada inkişafının tərəfdarı olub və siyasi mədəniyyətin gerçəkləşməsi istiqamətində addımlar atıb. Amma çox təəssüf ki, Azərbaycanda bəzi radikal qüvvələr və siyasi qüvvələr inkarçılıq mövqeyi tutublar, siyasi münasibətlərin sivil formada inkişafı deyil, qarşıdurma, ziddiyyətlərin dərinləşməsi və düşmənçilik münasibətlərinin davam etdirilməsinin tərəfdarı olublar”, - o deyib.

Son seçkilərdə Azərbaycandan fərarilik etmiş bir çox şəxsin başqalarının əlində alətə çevrilərək ölkənin dəyərləri və simvollarına qarşı hücuma başladığını deyən Əliməmməd Nuriyev onların bütün mövcud “qırmızı xət”ləri dağıtdığını vurğulayıb:

“Təbii ki, burada erməni lobbisinin də rolu var idi. Azərbaycanın dəyərlərinə qarşı kütləvi hücuma keçdilər, təhdidlər etdilər, hətta ictimai və dövlət xadimlərini, media nümayəndələrini terrorla hədələyirdilər. Obrazlı desək, onlar “virtual İŞİD-çi”yə çevrilmişdilər. Onlar mənəvi terrorla məşğul idilər. Sivil mübarizə aparmaq lazımdır. Sənin gücün yoxdursa, cəmiyyətin diqqətini cəlb etmək üçün hazırlaşmalı və proqramlar tərtib etməlisən. Prezident seçkilərinin son nəticələri göstərdi ki, Azərbaycan xalqı öz liderinin arxasındadır və onun apardığı siyasəti dəstəkləyir. İlham Əliyevin 86 faizdən yuxarı səs toplaması da bütün bu iftiralara, böhtanlara və təhdidlərə Azərbaycan xalqının cavabı idi. Cənab prezidenti anti-Azərbaycan qüvvələri deyəndə də məhz bu insanları, daha doğrusu bu məxluqları nəzərdə tuturdu. Çünki, onları başqa cür adlandırmaq mümkün deyil. Onlar ailə dəyərlərinə, milli dəyərlərinə hücum edirdilər. Ailəsi olmayanın vətəni olmaz. Onlar üçün ailə yoxdur, yaxınları yoxdur, onlar üçün müqəddəs olan heç nə qalmayıb. Əlbəttə ki, belə insanlar heç kimə lazım deyillər, belə insanlar tarixin zibilxanasına yerləşdirilməlidir. Bunların başqa yeri varmı? Cənab prezident də onlar üçün məkanı çox düzgün müəyyənləşdirib. Onların yeri tarixin zibilxanasıdır”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm