• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

“Dağlıq Qarabağ münaqişəsi bəlkə də həll olunardı, əgər…” - ŞƏRH

“Dağlıq Qarabağ münaqişəsi bəlkə də həll olunardı, əgər…” - ŞƏRH

“Serj Sarkisyanın istefası ilə illərdir xalqı girov vəziyyətində saxlayan Qarabağ klanının hakimiyyətdən getdiyini demək olar”.

Publika.az-a açıqlamasında bunu Ermənistanda keçirilən etiraz aksiyalarının nəticəsində baş nazir Serj Sarkisyanın istefasını şərh edən politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov bildirib.

Proseslərin sonrakı gedişatını proqnozlaşdıran politoloq hesab edir ki, hakimiyyətə gələcək qüvvənin radikal və loyal olmasından asılı olmayaraq, strategiya dəyişməyəcək. O, “Böyük Ermənistan” xülyasının qalacağını deyib. Bununla belə, Fikrət Sadıxov qeyd edir ki, taktikalarda müəyyən yumşalma ola bilər.

Politoloq hesab edir ki, yeni rəhbərlik iqtisadi durğunluq içində olan, aclıqla boğuşan və korrupsiyaya batan ölkəni xilas etmək istəyirsə, müəyyən addımlar atmalıdır:

“Bunun üçün ilk növbədə ölkəni təcrid vəziyyətindən xilas etmək lazımdır. İşğalçı ölkə uzun illərdir ki, heç bir regional layihədə iştirak etmir. Çünki, bu layihələrin hamısı Azərbaycanla bağlıdır. Ermənistan vəziyyətdən çıxmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi güzəştlərə getməlidir. Münaqişənin həlli üçün beynəlxalq hüquqi sənədlər və hüquqi baza, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Əgər bu olmasa, Ermənistan yenidən dalana dirənəcək, problemlərlə üzləşəcək və bu vəziyyətdən heç vaxt çıxa bilməyəcəklər. Hər halda sağlam düşüncəli siyasətçilər bunu dərk etməlidir”.

Fikrət Sadıxovun sözlərinə görə, Qarabağ klanı hakimiyyətə gəlməsəydi, Dağlıq Qarabağ münaqişəsi bəlkə də həll olunardı:

“Vaxtilə Levon Ter-Petrosyanın hakimiyyəti dövründə mərhələli həll planı gündəmdə idi. İndiki halda Ermənistanın gələcəyi Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Dağlıq Qarabağ münaqişəsi ölkəni yoxsul vəziyyətə salıb, yarım milyon insan xaricə qaçıb, əhali əriyib. Əlbəttə, bunların səbəbi Azərbaycanla müharibə vəziyyətində olması, Türkiyə ilə sərhədlərin bağlı olması və heç bir regional layihədə iştirak etməməsidir. Qarabağ klanı iyirmi ildən artıq müddətdə məhz Dağlıq Qarabağ kartından istifadə edərək xalqı girov vəziyyətində saxlayır və hakimiyyətdə qalırdı. Lakin məhz Dağlıq Qarabağ münaqişəsinə görə, Ermənistan böyük problemlərlə qarşılaşdı və xalq cinayətkar xuntaya qarşı çıxdı. Nəticədə, Xocalı soyqırımının əsas səbəbkarı olan Serj Sarkisyan hakimiyyətdən qovuldu”.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR