"Ermənistanı bundan sonra daha ağır günlər gözləyir" - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

"Ermənistanı bundan sonra daha ağır günlər gözləyir" - ŞƏRH

“Sarkisyan Xocalı soyqrımında törətdiyi bütün cinayətləri xarici mətbuat orqanlarından birinə müsahibə verərkən özü etiraf edib. O birmənalı olaraq cinayətkardır”.

Bu sözləri Publika.az-a millət vəkili Aydın Mirzəzadə, Ermənistan xalqının Xocalı soyqrımının başlıca nümayəndələrindən biri hesab olunan Serj Sarkisyanı hakimiyətdən uzaqlaşdırmasına münasibət bildirərkən deyib. O bildirib ki, Sarkisyan artıq o 1 milyona yaxın azərbaycanlının məcburi köçkün kimi yaşamasının səbəbkarıdır:

“Serj Sarkisyan özü də cinayətkar olduğunu boynuna alır. Çünki artıq onun vaxtı bitdi. O yalnız Azərbaycan xalqı üçün deyil, 10 il rəhbərlik etdiyi Ermənistan xalqı üçün də qatı cinayətkardır. Əvvəlcə Ermənistanın Müdafiə Nazirliyinə və bir sıra digər dövlət orqanlarına rəhbərlik edərkən saysız-hesabsız cinayət faktlarının üstünün örtülməsinə şərait yaradıb. Hətta araşdırılarsa, ölkədə korrupsiya faktlarının böyük əksəriyyəti onun adı və təşkilatçılığı ilə bağlı olduğu ortaya çıxar. 10 il bundan əvvəl keçirilən prezident seçkilərindən 30-a yaxın dinc sakinin güllələnməsinə görə məsuliyyət daşıyır. O insan həm Azərbaycan, həm də erməni tarixinə qanlı cinayətkar kimi düşüb. Məhz erməni xalqı tərəfindən hazırlanan son onu tarixin dərin çirkabında göməcək. Serj Sarkisyanın cinayət məsuliyyətinə cəlb edilməsini tələb etməyə Azərbaycanın tam haqqı çatır. Belə də olacaq. Azərbaycan Sarkisyan haqqında bu günə qədər toplanmış bütün materialları Beynəlxalq Cinayət Məhkəməsinə verəcək və o törətdiyi bütün hadisələrə görə cavab verəcək”.

A.Mirzəzadə onu da əlavə etdi ki, bundan sonrakı prosesləri təxmin etmək çətindi:

“Siyasi qüvvələr, yüksək elita bundan sonrakı prosesləri idarə edə bilər. Paşinyanı dəstəkləyən qüvvələr bilir ki, hazırki şərtlərlə o, hüquqi cəhətdən baş nazir ola bilmir. Onun topladığı səs faizi azdır. Yenidən parlament seçkilərinin keçirilməsinə nail olunsa belə, onun səs toplama ehtimalı sual altındadır. Ermənistanda hakimiyyətin dəyişməsindən əlavə yanaşmanın, düşüncənin dəyişməsi önəmlidir. Siyasi proseslərin dəyişməsi, Ermənistanın Azərbaycan torpaqlarına olan əsassız iddiaları geri çəkilməlidir. Düşünürəm ki, bundan sonra Ermənistanda vəziyyət çox daha ağır mərhələlərə gedib çıxacaq. Çünki, Paşinyanın siyasi düşüncələrində çox ciddi qüsurlar var. Məsələn, o, Rusiyaya qarşı sərt mövqedədir. Hər dəfə çıxışlarında “Rusiya danışan, Ermənistan isə qulaq asandır” ifadəsini işlədir. “Dağlıq Qarabağ” probleminin həllinə yönəldilən danışıqlarda işğal edilmiş zonalardakı rejim bitərəf mövqedə qurulmalıdır. Ona görə də, Paşinyanın mövqeyini heç də ədalətli hesab etmək olmaz. Onu da nəzərə almaq lazımdır ki, bu gün Ermənistanda söz sahibi olan qüvvələr öz mövqelərini və imkanlarını itirməyə də razı olmayacaqlar. Ona görə də xalqın ayağa qalxması bir tərəfdən yaxşı hal hesab edilsə də, digər tərəfdən təhlükəlidir”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm