İlham Əliyev: "İkili standartlar dəhşətli bəlaların qarşısını almaq yolunda böyük maneə yaradır" - - FOTO
Bizi izləyin

Nida Xəbər

İlham Əliyev: "İkili standartlar dəhşətli bəlaların qarşısını almaq yolunda böyük maneə yaradır" - - FOTO

Aprelin 26-da Qusar şəhərində “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans işə başlayıb.

Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq keçirilən beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya Federasiyası və onun müxtəlif subyektlərindən, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraqdan görkəmli tarixçilər iştirak edirlər.

Beynəlxalq elmi konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər. 1918-ci ildə Qanlı dərədə qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidə də ziyarət edilib.

Sonra Qusar Mədəniyyət Mərkəzində türk-müsəlman xalqlarına qarşı soyqırımları haqqında tarixi faktları özündə əks etdirən kitablar və digər nəşrlərdən ibarət sərgi ilə tanışlıq olub.

Konfransın əvvəlində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə deyilir: "Hörmətli konfrans iştirakçıları! Sizi ürəkdən salamlayır, soyqırımı problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransın işinə uğurlar arzulayıram.

Bu günlər xalqımıza qarşı 1918-ci ildə millətçi erməni-daşnak və bolşevik silahlı dəstələri tərəfindən törədilmiş soyqırımının 100 illiyinə təsadüf edir. Həmin dövrdə ölkəmizin müxtəlif regionlarını bürümüş milli-dini zəmində kütləvi qətl və talanlar konfransın təşkil olunduğu Qusar ərazisində də xüsusi amansızlıqla həyata keçirilmişdir. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyəti tarix boyu xalqımızın məruz qaldığı etnik təmizləmə, deportasiya, terror və soyqırımı aktlarının ağrı-acısını unutmur, verdiyi qurbanların xatirəsini daim uca tutur.

Hazırda dünyada sülh və əmin-amanlığa qarşı təhdidlərin artması xalqların dinc birgəyaşayışına və qarşılıqlı faydalı əməkdaşlığına ciddi təhlükə yaradır. Təəssüf ki, milli, irqi və dini ayrı-seçkilikdən doğan ekstremist fəaliyyət və terror müasir dövrün acı reallığına çevrilmişdir. Beynəlxalq birliyin planetimizin müxtəlif guşələrində cərəyan edən qanlı münaqişələrə və kütləvi zorakılıq hallarına ikili standartlar prizmasından yanaşması həmin dəhşətli bəlaların qarşısının alınması yolunda böyük maneə yaradır.

Dünyanı qanlı faciələrdən, dağıdıcı qüvvələrin qeyri-insani əməllərindən qorumaq üçün bütün etnik təmizləmə və soyqırımı hadisələrinin obyektiv hüquqi və siyasi qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə də tarixin qaranlıq səhifələrinin dərindən araşdırılması, gerçək fakt və dəlillərə söykənən həqiqətlərin aşkara çıxarılaraq, geniş ictimaiyyətə çatdırılması ədalətli qərarların qəbul olunmasında vacib rol oynaya bilər.

İnanıram ki, bugünkü konfransda aparılan səmərəli müzakirələr soyqırımların tədqiqi sahəsində formalaşmış müsbət elmi ənənələri davam etdirəcək, dünya alimlərinin sanballı əsərlərinin işıq üzü görməsinə təkan verəcəkdir. Bu şərəfli və məsuliyyətli işinizdə hər birinizə uğurlar arzulayıram".

Beynəlxalq konfrans işini çıxışlarla davam etdirir. (azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm