Azərbaycan Prezidentinin ilk xarici səfərləri – REALLIQLAR VƏ PERSPEKTİVLƏR
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Prezidentinin ilk xarici səfərləri – REALLIQLAR VƏ PERSPEKTİVLƏR

Prezident seçkilərindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev ilk xarici səfərlərini Türkiyə və Böyük Britaniyaya etdi.

Publika.az-a açıqlamasında politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov Azərbaycan Prezidentinin ilk səfərlərini şərh edib.

Türkiyəyə səfərin iki ölkə - Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğun olduğunu deyən Fikrət Sadıxov qeyd edib ki, iki ölkə dünya miqyasında ən yaxın müttəfiqlərdir.

“Dövlət başçımızın seçilməsindən sonra ilk səfəri həmişə Türkiyəyə olur. Bu da təbii haldır. Türkiyə bizə müttəfiq və qardaş ölkədir. Dövlət başçımızın da dediyi kimi, dünyada başqa iki ölkə yoxdur ki, bir-biri ilə bu qədər yaxın olsun. Təbii ki, Türkiyə həmişə bizim yanımızda olub və biz də Türkiyəni daim dəstəkləyirik. Bir sıra mühüm məsələlərdə mövqeyimiz birdir. Beynəlxalq təşkilatlarda, bir çox beynəlxalq platformalarda eyni mövqedən çıxış edirik”, - o bildirib.

Fikrət Sadıxovun sözlərinə görə, Türkiyənin bugünkü mürəkkəb geosiyasi vəziyyət fonunda təhlükəsizlikdə, terrorizm və separatizmə qarşı mübarizədə, hərbi-texniki əməkdaşlıqda, bir sıra təşəbbüslərimizin və beynəlxalq təşkilatlarda mövqeyimizin dəstəklənməsi kimi məsələlərdə Azərbaycana dəstəyi böyük əhəmiyyət daşıyır. Türkiyənin böyük hərbi gücə malik olmasına və NATO-ya üzvlüyünə diqqət çəkən müsahibimiz hərbi-texniki və müdafiə sənayesi sahəsində əməkdaşlığın böyük perspektivlərinin olduğunu vurğulayb.

Politoloq hesab edir ki, sözügedən səfər qardaş ölkələr arasındakı münasibətləri daha da möhkəmləndirəcək və yeni bir səviyyəyə qaldıracaq.

Müsahibimiz hesab edir ki, Prezident İlham Əliyevin Türkiyədən sonra Böyük Britaniyaya səfəri iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Azərbaycanın Böyük Britaniya ilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm əhəmiyyət verdiyini deyən Fikrət Sadıxov Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan xarici ölkə olduğunu diqqətə çatdırıb.

Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfərini önəmli adlandıran politoloq bu ölkənin Avropa və dünyanın aparıcı ölkələrdən biri olduğunu deyib:

“Böyük Britaniya ABŞ-la müttəfiqdir. Britaniya ilə Avropa İttifaqı arasında Breksit prosesinin getməsinə baxmayaraq, bu, ölkənin Avropada aparıcı rol oynamadığını deməyə əsas vermir. Britaniyanın rolu və əhəmiyyəti kifayət qədər yüksəkdir. Britaniya ilə münasibətlərin inkişafı və yeni bir mərhələyə qaldırılması hər iki dövlət üçün önəmlidir. Britaniya da başa düşür ki, Azərbaycan bu regionda böyük oyunçuya çevrilib, bir sıra layihələrin təşəbbüskarı və icraçısıdır. Həm iqtisadi, həm də siyasi prioritetlərimiz hər halda onları qane edir. Fikrimcə, bu səfərdən sonra Britaniya ilə münasibətlərimiz yeni bir səviyyəyə qalxacaq və bir sıra sahələri əhatə edəcək. Həm təbii sərvətlərin işlənilməsi, həm siyasi, həm humanitar, həm də digər sahələrdə münasibətlərin inkişafı üçün geniş perspektivlər var. Azərbaycan Prezidentinin Britaniyaya səfərin dövlət başçısı seçilməsindən sonra ilk xarici səfərlərdən biri olması onu göstərir ki, Avropada böyük ölkələrin siyasi elitası Azərbaycanı qəbul edir və Azərbaycanın rolunu, əhəmiyyətini yaxşı dərk edir”.

Böyük Britaniyanın BP enerji şirkəti ilə sıx əməkdaşlıq Azərbaycanın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının həyata keçirilməsində başlıca rol oynayıb. BP və digər şirkətlərlə birgə həyata keçirilən enerji layihələri Azərbaycanın iqtisadi müstəqilliyinin təməlində dayanan əsas faktor kimi qiymətləndirilir.

BP şirkətini Böyük Britaniyanın “ikinci hökumət”ı adlandıran Fikrət Sadıxov qeyd edib ki, bütün dövrlərdə şirkətin rolu çox yüksək olub:

“Baxmayaraq ki, enerji məsələləri ilə məşğul olur, ancaq onun siyasətə də həmişə böyük təsiri olub. BP uzun illərdir ki, Azərbaycanla əməkdaşlıq edir. Səfər çərçivəsində SOCAR və BP Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni sazişi imzaladı. Təbii ki, BP-nin iki dövlətin yaxınlaşmasında rolu kifayət qədər böyükdür”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm