Milli Məclis bu qanunu dəyişdi
Bizi izləyin

Nida Xəbər

Milli Məclis bu qanunu dəyişdi

“Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilib.

Publika.az xəbər verir ki, qanun layihəsi barədə millət vəkili Əli Hüseynli məlumat verib.

Deputat bildirib ki, dəyişiklik edilən qanun “Ələt iqtisadi zona haqqında” qanun layihəsinə uyğunlaşdırma xarakteri daşıyır:

“Dəyişikliyə əsasən, “Ələt azad iqtisadi zonası”nın ərazisində "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda bu Konstitusiya Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir. Bu məsələ ilə bağlı komitədə geniş müzakirələr aparılıb. Qanunun konstitusiyaya uyğunluğu ilə bağlı fərqli fikirlər də səsləndirilib. Lakin ümumi qənaətə görə, bu qanun konstitusiyaya tam uyğundur və bu qanun Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarını pozmur”.

Millət vəkili Qüdrət Həsənquliyev “Ələt iqtisadi zonası haqqında” qanunu alqışladığını, lakin bu qanunun bəzi müddəalarının Konstitusiya ilə ziddiyyət təşkil etdiyini bildirib:

“Bu gün Konstitusiyaya düzəliş etməklə azad iqtisadi zonanın özünün qaydalar müəyyən etməsinə imkan veririk. Ekologiya, əmək mübahisələrinin həlli ilə bağlı mövcud qanunvericilikdə nə çatışmır, nələr beynəlxalq tələblərə uyğun deyil? Hansı uyğunsuzluq varsa, təklif etsinlər qanunlara həmin dəyişikliyi edək.

Milli Məclisin həll etdiyi məsələləri ayrıca quruma vermək doğru deyil. Azad İqtisadi zonanın təklif etdiyi qaydaları biz Milli Məclisdə də təsdiq edə bilərik. Hesab edirəm ki, çıxış yolu budur. Bütün dünyada azad iqtisadi zonalarda vergi güzəştləri tətbiq edilir, gömrük rüsumlardan azad olunur. Amma ümumi müəyyən edilən qaydalar, əmək hüquqları, ekologiya ilə bağlı digər güzəştlər nəzərdə tutula bilməz”.

Spiker Oqtay Əsədov bildirib ki, bu dəyişiklik “Ələt azad iqtisadi zonası haqqında” qanunun daha yaxşı işləməsinə xidmət edir.

Qanun layihəsinə edilən dəyişiklik səsə qoyularaq qəbul olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm