Oqtay Əsədov: “Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir”
Bizi izləyin

Nida Xəbər

Oqtay Əsədov: “Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir”

"Azərbaycan və İtaliya arasında qədim əlaqələr mövcuddur. Azərbaycan Xalq Cümhuriyyəti və İtaliya arasında diplomatik münasibətlər var idi. İki ölkə arasındakı əlaqələrə verilən əhəmiyyət nəticəsində bu əlaqələr inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib".

APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov İtaliyanın Milli Gününün 72-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

O çıxışında əvvəlcə İtaliya Respublikasının Milli Günü münasibətilə və eləcə də İtaliya-Azərbaycan dostluğunun yüz illiyi münasibətilə Azərbaycan hökuməti adından İtaliya xalqını təbrik edib.

"Bu illər ərzində ölkələr arasında 40-a yaxın ikitərəfli sənədlər imzalanıb və bu sənədlər ölkələr arasında hüquqi əlaqələri tam tənzimləyir. Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2006-cı ildən fərqli olaraq keçən il ticarət dövriyyəsi 4,7 milyard ABŞ dollarından çox olub. Bu ilin yanvar-fevral aylarında bizim ticari əlaqələrimiz 1 milyard 500 milyon dollardan yuxarıdır. Ölkələrimiz arasında energetika sahəsində işbirliyi çox uğurla inkişaf edir. İtaliya şirkəti də Bakı-Tbilisi-Ceyhan boru kəmərinin üzvüdür. İtaliya TAP layihəsinə böyük dəstək verir. Hazırda ölkəmizdə 50-dən yuxarı İtaliya şirkəti sənaye, tikinti, sığorta, nəqliyyat sahələrində çalışır", - O.Əsədov deyib.

Regionda həyata keçirilən enerji layihələri, eləcə də Cənub Qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyini təmin edən böyük regional layihələrdən biri olduğunu vurğulayan Əsədov iki ölkənin parlamentləri arasında əlaqənin də yüksək olduğunu və dostluq qruplarının mövcud olduğunu deyib: " Bu qruplar arasında qarşılıqlı səfərlər olur. Ölkələrin parlamentləri beynəlxalq təşkilatlarda güclü əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Müasir dünyəvi bir ölkə olsa da, Azərbaycanın bir ağrılı problemi var ki, bu da Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişənin də beynəlxalq hüquq norma prinsipləri çərçivəsində, tərəflərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü çərçivəsində həllinə çalışır. Azərbaycan beynəlxalq hüququn verdiyi bütün vasitələrdən istifadə edərək mütləq öz ərazi bütövlüyünü təmin edəcək. Bu istiqamətdə İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini alqışlayırıq. Əminik ki, İtaliya gələcəkdə münaqişənin həllinə dair səylərini artıracaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm