AZƏRTAC “China Daily” qəzeti ilə əməkdaşlığı genişləndirəcək
Bizi izləyin

Nida Xəbər

AZƏRTAC “China Daily” qəzeti ilə əməkdaşlığı genişləndirəcək

AZƏRTAC ilə Çinin ingilis dilində nəşr olunan nüfuzlu gündəlik “China Daily” qəzeti əməkdaşlığı genişləndirəcək.

Publika.az xəbər verir ki, bu barədə razılıq Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmək üçün Pekində səfərdə olan AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun “China Daily” qəzetinin rəhbərliyi ilə görüşündə əldə edilib.

“China Daily”nin nəşrə başlamasının 37-ci ildönümünə təsadüf edən görüşdə baş redaktorun müavini Van Xao qəzetin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ümumilikdə 100 milyondan çox çap və onlayn abunəçisi olan “China Daily” təkcə Çində deyil, regionda, eləcə də dünyada ingilis dilində çıxan ən nüfuzlu qəzetlərdən biridir. Ümumi tirajı bir milyon nüsxə olan qəzet Çində internet səhifəsi açılan ilk kütləvi informasiya vasitəsidir. Qəzetin xarici ölkələrdəki oxucularının sayı yerli oxuculardan daha çoxdur. Bu da qəzetin qlobal səviyyəli nəşr olduğunun göstəricisidir.

Azərbaycan ilə Çin arasında münasibətlərin son illərdə müxtəlif sahələrdə dinamik inkişaf etdiyini bildirən AZƏRTAC-ın İdarə Heyətinin sədri ölkələrimizin kütləvi informasiya vasitələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə toxunub. O, AZƏRTAC-ın Çinin Sinxua agentliyi ilə yaxşı əlaqələrinin olduğunu, gələcəkdə Çinin digər KİV-ləri, o cümlədən “China Daily” qəzeti ilə əməkdaşlığın yaradılması və inkişafının hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.

Diqqətə çatdırılıb ki, bu günlərdə yaradılmasının 100-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC hazırda respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi informasiyanın yeganə mənbəyidir. Son illər dünya informasiya məkanında fəallıq göstərən AZƏRTAC hazırda Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA-ya) rəhbərlik edir.

İdarə Heyətinin sədri AZƏRTAC-ın 7 dildə, o cümlədən Çin dilində xəbərlər yaydığını, bu xəbərlərin hazırlanmasında və əməkdaşlara Çin dilinin tədrisində Bakıdakı Konfutsi İnstitutu ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Görüşdə AZƏRTAC ilə “China Daily” arasında əməkdaşlığın təməli kimi mütəmadi xəbər mübadiləsi aparılmasının əhəmiyyəti vurğulanıb, növbəti mərhələdə birgə layihələrin icrası, təcrübə mübadiləsi, internet səhifələrində qarşılıqlı olaraq banerlərin yerləşdirilməsi və s. barədə razılıq əldə olunub.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov “China Daily” qəzetinin redaksiyasını gəzib, nəşrin ayrı-ayrı redaksiyalarının, o cümlədən dizayn, fotoinformasiya bölmələrinin fəaliyyəti ilə tanış olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm