Paşinyan Azərbaycanlı əsirləri qul kimi işlədən generala cinayət işi açdırdı - Qriqoryan Bakıya VERİLİR?
Bizi izləyin

Nida Xəbər

Paşinyan Azərbaycanlı əsirləri qul kimi işlədən generala cinayət işi açdırdı - Qriqoryan Bakıya VERİLİR?

Ermənistanın baş naziri Nikol Paşinyan Serj Sarkisyan dövründən qalmış oliqarxları təmizləmə əməliyyatına start verib.

Publika.az
xəbər verir ki, Ermənistanın müdafiə nazirinin sabiq müavini, “milli qəhrəman” Manvel Qriqoryanla bağlı cinayət işinin açılması əməliyyatın ilk addımı hesab olunur.

Ermənistanın baş prokuroru Artur Davtyan parlamentin spikerinə hazırda deputat mandatı daşıyan Manvel Qriqoryanla bağlı cinayət işinin açılmasına razılıq verməsi üçün müraciət ünvanlayıb.

Məlumata görə, Qriqoryanın külli miqdarda qanunsuz silah-sursat saxlamayua görə ittiham olunur.

Əslində bu maddə Qriqoryanın həbsi üçün hazırlanmış iddiadır. Əsas məsələ Paşinyanın təmizləmə əməliyyatına başlamasıdır.

Manvel Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib. Həmçinin, müharibədən sonra azərbaycanlı əsirləri illərlə öz həyətində qul kimi işlədib.

Müharibədən varlanmış və “qəhrəman” olaraq çıxan Qriqoryan sonrakı dövrdə parlamentin deputatı və “Yerparka” könüllülər ittifaqının sədri kimi siyasi postlarda təmsil olunmaqla yanaşı, özünə biznes imperiyası da yaradıb.

Qriqoryan I Qarabağ müharibəsindən sonra “aprel müharibəsi”ndə də ortaya çıxdı. Ermənistan ordusunda fərariliyin artmasından sonra Qriqoryan könüllüləri başına toplayaraq, Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşmağa gəldi. Lakin nəticə etibarilə heç nə edə bilmədilər.

Ermənistan mediası indi yazır ki, Qriqoryan “aprel müharibəsi”ndən sonra Qarabağda qalaraq, pul qazanırmış. Onun 3 ay ərzində Azərbaycanın işğal edilmiş torpaqlarında öz statusundan istifadə edərək, pul topladığı deyilir. Yalnız şikayətlərdən sonra Serj Sarkisyan Qriqoryanı geri çağırıb.

Ermənistanda inqilab baş verən zaman Qriqoryaqn oğlunun mer olduğu Eçmiəzdin şəhərində Paşinyana qarşı barrikadalar qurmuşdu. İndi qisas növbəsi Paşinyanındır.

Azərbaycanın Xarici İşlər Nazirliyi də Xocalı soyqırımının iştirakçılarından olan Qriqoryanın həbsinə münasibət bildirib.

“Təəssüf ki, Manvel Qriqoryana qarşı başlanılan cinayət işi onun yalnız Ermənistanda törətdiyi iqtisadi cinayətlərlə məhdudlaşır. Cinayət işinin tərkib hissəsi olaraq onun müharibə dövründə törətdiyi hərbi cinayətləri, xüsusilə özünün etiraf etdiyi kimi əsir və girov götürülmüş yüzlərlə azərbaycanlının taleyi və onlara qarşı törədilmiş əməllər araşdırılmalıdır. Ümid etmək istərdik ki, beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları, o cümlədən Avropa Şurası bu məsələdə fəallıq nümayiş etdirəcəklər”, - deyə XİN-in sözçüsü Hikmət Hacıyev bildirib.

Reallaşması çətin də olsa Paşinyanın Qriqoryan kimi hərbi cinayətkarları Azərbaycana təhvil verməsi ehtimalı Ermənistanın yeni hökumətinin gələcəyi baxımından ən düzgün addım ola bilər. Bununla Paşinyan həm sülh tərəfdarı olduqlarını nümayiş etdirmiş olar, həm də keçmiş hərbi xuntanın cəzalandırılmasına nail ola bilər. Lakin Paşinyan buna gedəcəkmi? Bu sualın cavabının müsbət olması ehtimalı sıfıra bərabərdir. Hərçənd, keçmiş hərbi xuntanın törətdiyi bəşəri cinayətləri ört-basdır etmək Paşinyan rejiminin də gələcəyini təhlükə altına alacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm