ABŞ Dövlət Departamentinin nümayəndəsi Bakıya gəlir
Bizi izləyin

Nida Xəbər

ABŞ Dövlət Departamentinin nümayəndəsi Bakıya gəlir

ABŞ dövlət katibinin köməkçisinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə birinci müavini Elis Uells 27-29 iyun tarixlərində Bakıya səfər edəcək.

Publika.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda bildirilir.

Qeyd olunur ki, Uells Bakıda keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edəcək.

Məlumatda həmçinin bildirilir ki, iclasın kuluarlarında dövlət katibinin köməkçisinin müavini Uells Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək: "Uells onlara Əfqanıstan hökumətinə və NATO-nun Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasına dəstəklərinə görə təşəkkürünü bildirəcək".

Qeyd edək ki, Təmas Qrupunun toplantısı iyunun 28-də Bakıda keçiriləcək.

Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.

Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır. Əfqanıstanla birlikdə Almaniya Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.

Bakıda keçiriləcək toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-na yaxın nümayəndəsi iştirak edəcək. Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.

Azərbaycan Əfqanıstan ilə bağlı bir sıra beynəlxalq və regional formatlarda iştirak edir və bu ölkədə sülh, sabitlik və inkişafın təmin edilməsinə öz töhfəsini verir. 1 dekabr 2017-ci ildə Azərbaycanın Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində “Asiyanın ürəyi- İstanbul Prosesi”nin yeddinci nazirlər iclası da Bakıda keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm