Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk "Məzun günü"
Bizi izləyin

Nida Xəbər

Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk "Məzun günü"

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında ilk "Məzun günü" qeyd olunub.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, bu münasibətlə Bakı şəhərində tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Komitə sədrinin müavinləri və idarə rəisləri, Akademiyanın müəllimləri və valideynlər iştirak edib. Mərasim dövlət himninin oxunması ilə başlayıb.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov məzunları təbrik edib və bildirib ki, 4 il əvvəl fəaliyyətə başlayan DGK-nin Akademiyası qısa zaman ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilib. Ölkəmizdə təhsilə, gənc nəslin təlim-tərbiyəsinə xüsusi qayğı göstərildiyi qeyd olunub və Akademiyanın ilk məzunlarının tədris prosesini yüksək nəticələrlə başa vurmaları təhsil sahəsində görülən işlərin nəticəsi kimi qiymətləndirilib.

Öz növbəsində, DGK-nin sədri Səfər Mehdiyev məzunları təbrik edərək onlara uğurlar arzulayıb və Akademiyanın ilk "Məzun günü"nü həm də Dövlət Gömrük Komitəsinin tarixində mühüm hadisə kimi qiymətləndirib.

Ümummilli lider Heydər Əliyevin daim təhsilə, gənc nəslin elmi biliklərə yiyələnməsinə xüsusi diqqət göstərdiyini vurğulayan komitə sədri bu istiqamətdə formalaşan dövlət siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, respublikamızın ictimai-siyasi həyatında gənclərə xüsusi yer verildiyini, ixtisaslı gənc kadrların hazırlanmasının, işlə təmin olunmasının dövlətimizin strateji hədəflərindən birinə çevrildiyini bildirib.

Komitə sədri hazırda akademiya üçün mükəmməl elmi-texniki bazaya malik, müasir tələblərə cavab verən yeni binanın inşasını da prezident İlham Əliyevin peşəkar kadrlara, ixtisaslaşmış təhsil ocaqlarının inkişafına göstərdiyi qayğının təzahürü kimi qiymətləndirib. S.Mehdiyev ümidvar olduğunu bildirib ki, aldıqları bilik və təlim-tərbiyə sayəsində ilk məzunlar gələcək həyat və fəaliyyətlərində təhsil aldıqları tədris ocağını uğurla təmsil edəcəklər.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, 2018-ci il Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib və Gömrük Akademiyasının ilk məzunlarının bu il ali məktəbi bitirməsi xoş hadisədir. Cümhuriyyətin mövcud olduğu qısa müddət ərzində təhsil sahəsində mühüm nailiyyətlər əldə olunduğunu qeyd edən F.Qurbanov, Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra təhsil sahəsində, ixtisaslı kadrların hazırlanması istiqamətində daha mühüm və məqsədyönlü addımlar atıldığını diqqətə çatdırıb. DGK-nin Akademiyasının təsis edilməsinin də ixtisaslı kadrların hazırlanması sahəsində görülən işlərin bariz nümunəsi olduğunu bildirən nazir müavini, fəaliyyət göstərdiyi qısa vaxt ərzində bu təhsil ocağının mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm