“Prezident bütün işlərə elmi və kompleks yanaşır” - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

“Prezident bütün işlərə elmi və kompleks yanaşır” - ŞƏRH

İyulun 4-də ölkənin enerji sistemində vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Prezident İlham Əliyevin yanında müşavirə keçirildi. Müşavirədə iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza və nəticədə ölkəmizin enerji təchizatında yaranan ciddi problemlər müzakirə olundu.

Gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır

Görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsinin bərpa edildiyini bildirən Azərbaycan prezidenti qeyd edib ki, onun Sərəncamı ilə məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılıb və komissiya öz işinə başlayıb: “Komissiya qarşısında bir neçə vəzifə qoyulmuşdur. Onların arasında əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır”.

Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov söyləyib ki, bu kimi qəzalar və fövqəladə halların qarşısının alınması üçün kompleks tədbirlər planının hazırlanmalı və qarşıya çıxacaq bütün risklər hesablanmalıdır.

Millət vəkili vurğulayıb ki, elektrik enerjisinə tələbatın getdikcə artması da tədbirlər planının hazırlanmasını zəruri edir: "Sənayenin, qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafı elektrik enerjisinə olan tələbatı daha da artırır. Eyni zamanda, vətəndaşlarımızın sosial rifahı yüksəlir, həyat şərtləri yaxşılaşır. Bu da elektrik enerjisinə olan tələbatı yüksəldən məqamdır. Tələbatın bundan sonra da artması gözləniləndir və bunun özü də müsbət haldır. Bununla əlaqədar sənayenin və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün alternativ enerji mənbələrinin genişləndirilməsi, həmçinin ən strateji obyektlərdə ehtiyat enerjinin təminatı üçün modul tipli stansiyaların qurulması və bu kimi texnologiyaların tətbiq olunması mütləq vacibdir. Hesab edirəm ki, gələcəkdə ölkənin elektrik enerjisinə olan tələbat təkcə Mingəçevirdən asılı vəziyyətdə deyil, şaxələndirilmiş vəziyyətdə digər mənbələrdən təmin olunmalıdır. Bu məqamı müşavirədə cənab prezident də səsləndirdi”.

Qəzaların lokal xarakter daşıması üçün tədbirlər planı

Azərbaycan Respublikasının Prezidentinin sözlərinə görə, əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə, ümumi sistemə bunun təsiri olmasın, yəni, qəza lokal xarakter daşısın. Dövlətimizin başçısı qeyd edib ki, tədbirlər planı hazırlanmalı, tədbirlər planına müşavirədə səsləndirilən fikirlər, o cümlədən beynəlxalq auditin cəlb edilməsi məsələsi salınmalıdır.

Prezidentin bütün işlərə elmi və kompleks yanaşdığını vurğulayan Aydın Hüseynov bildirib ki, dövlət başçısının da göstərdiyi kimi, məsələyə kompleks və elmi yanaşılmalıdır: “Bunun bir forması ortaya qoyulmalıdır ki, ölkənin enerji təminatı bir mənbədən asılı olmasın və bu kimi qəzalar ölkənin enerji sistemininin ümumi işinə təsiri minimum olsun”.

Strateji obyektlərdə generatorların quraşdırılması

Strateji obyektlərdə, ilk növbədə xəstəxanalarda və metroda generatorların quraşdırılması məsələsi də müşavirədə gündəmə gətirilib.

“İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Metropolitendə generatorların olmaması çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər”, - Azərbaycan prezidenti mövcud durumu nəzərə çatdırıb.

Aydın Hüseynzadə strateji obyektlərdə generatorların quraşdırılması barədə dövlət başçısının qaldırdığı məsələnin haqlı və yerində olduğunun dilə gətirib. Onun sözlərinə görə, iqtisadiyyatın inkişafı və valyuta ehtiyatlarımızın çox olması bu məsələnin qısa zaman kəsiyindən həllinə imkan verir.

Son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub

Aydın Hüseynov həmçinin, son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyaların qoyulduğu barədə Prezidentin fikirlərini xatırladıb. Millət vəkili ölkənin enerji təhlükəsizliyinin dövlət başçısının daim diqqətində olduğunu və enerji sektoruna böyük investisiyaların qoyulmasına xüsusi əhəmiyyət verdiyini dilə gətirib.

“Prezident qeyd etdi ki, son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilib və son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Dövlət başçısımız bildirdi ki, enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilib. Eyni zamanda, bölgələrdə su elektrik stansiyaları yaradılıb. Enerji sektoru strateji sahədir və bu baxımdan, yüksək səviyyədə işləməsi üçün daimi investisiyalar tələb edir. Enerji sektoru inkişaf etdirilmədən digər sahələrin inkişaf etdirilməsi qeyri-mümkündür. Bu sektorun daimi işlək vəziyyətdə olması üçün investisiyaların qoyulması çox düzgün addımdır. Amma bu investisiyalardan səmərəli istifadə olunmalıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm