"Gəncədə baş verənlər ölkəmizə qarşı hazırlanan təxribat idi və qarşısı lazımi şəkildə alındı" - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

"Gəncədə baş verənlər ölkəmizə qarşı hazırlanan təxribat idi və qarşısı lazımi şəkildə alındı" - ŞƏRH

"Ermənipərəst qüvvələr Yaxın Şərqin müsəlman ölkələrinə tətbiq edilən idarəolunan xaos siyasətini Azərbaycana transfer etməklə, ölkəmizi terror poliqonuna çevirib, Dağlıq Qarabağ problemini birdəfəlik unutdurmaq istəyirlər. Gəncə Şəhər İcra Hakimiyyətinin inzibatı binası qarşısında bir qrup radikal tərəfindən ictimai asayişin pozulmasına cəhd heç də təsadüfi, məişət zəminində baş verən hadisələr deyil".

Bu sözləri Publika.az-a Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, bir neçə gün əvvəl baş verən silahlı hücum anti-azərbaycançı qüvvələr tərəfindən planlaşdırılmışdır:

“Bu, açıq-aşkar məqsədyönlü terror hadisəsidir. Ölkəmiz əleyhinə çalışan qüvvələr Azərbaycanda dəfələrlə ictimai-siyasi sabitliyi pozmağa cəhd ediblər. Bu da onların daha bir cəhdi idi. Diqqət edin, baş vermiş hadisəsindən dərhal sonra sosial şəbəkələrdə hadisəni tərədən şəxslər zərərçəkən obrazında təsvir edilməyə başladılar. Uzun illərdir Azərbaycana qarşı ermənilərlə birlikdə fəaliyyət göstərən xaricdə yaşayan passiv təxribatçı qüvvələrin bir anda aktiv fəaliyyətə başlaması, separatçı Əlikram Hümbətovun terrorçunun hüquqlarını müdafiə komitəsi yaratması və s. bu kimi hadisələr belə qənaətə gəlməyə əsas verir ki, bütün bunlar ölkədə xaos yaratmaq məqsədi daşıyır və eyni mərkəzdən idarə olunur. Ermənipərəst mərkəzlərin əvvəlcədən planlaşdırdıqları hadisələrdə məqsədləri, Yaxın Şərqin müsəlman ölkələrinə tətbiq edilən idarəolunan xaos siyasətini Azərbaycana transfer etməkdir. Bununla da onlar ölkəmizi terror poliqonuna çevirmək, Dağlıq Qarabağ problemini birdəfəlik unutdurmaq istəyirlər. Lakin hadisələrin gedişatı onu göstərdi ki, bu məkrli planı Azərbaycanda həyata keçirmək heç də o qədər asan məsələ deyil. Çünki hər şeydən öncə Azərbaycanda funksional dövlət institutları, kifayət qədər səmərəli fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanları və nəhayət, əmin-amanlığı təmin etməyə qadir olan hüquq mühafizə orqanları var. Ən əsası isə Azərbaycanda artıq ciddi sınaqlardan çıxmış xalq-iqtidar birliyi mövcuddur. Elə ölkəmizdə sabitliyin əsasında da Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqının iradəsi dayanır. Kim bu iradəyə qarşı çıxacaqsa, mütləq layiqli cəzasını alacaq. Çünki xalqımız bir daha ötən əsrin 90–cı illərinə, vətəndaş müharibəsinə, torpaqlarımızın itkisi ilə müşahidə olunan xaosa qayıtmaq istəmir və buna heç vaxt yol verməyəcək”.

Millət vəkili onu da əlavə etdi ki, Azərbaycan heç vaxt bu günki kimi öz ərazi bütövlüyünü bərpa etməyə yaxın olmayıb:

“Azərbaycan Ordusu heç vaxt indiki qədər nizamlı, döyüş qabiliyyətli və indiki qədər həm texniki təchizat, həm də döyüş hazırlığı baxımından düşmən ordusundan bu qədər üstün olmayıb. Azərbaycan əleyhinə fəaliyyət göstərən radikal qüvvələri qəzəbləndirən, narahat edən əsas amillərdən biri də məhz ölkəmizin birlik içərisində olmasıdır. Ona görə də ölkəmizdə yeni vətəndaş müharibəsi, yeni terror poliqonu yaratmağa çalışırlar. Ancaq Azərbaycan polisi bir daha sübut etdi ki, o, öz canı bahasına da olsa, dövlətinin və xalqının rifahı uğruna vəzifəsini şərəflə yerinə yetirə bilər. İyulun 10–da radikal dini qruplara qarşı polisimizin qətiyyətli davranış nümayiş etdirməsi, cəmiyyətimizi xaosa sürükləməyə çalışan qaragüruhu qısa müddətdə zərərsizləşdirməyi bacarması antiazərbaycançı mərkəzlərə verilən layiqli dərs olmaqla, hər bir Azərbaycan vətəndaşının da ürəyində fəxarət hissi yaratdı. Hər bir vətəndaş bilir ki, onun təhlükəsizliyinin və asayişinin qorunmasını təmin edən hüquq mühafizə orqanları var. Terrorçuların istənilən cəhdi uğursuzluğa məhkumdur. Bu gün hər bir vətəndaşın tələbi və istəyi ondan ibarətdir ki, Azərbaycanı suriyalaşdırmaq istəyən radikallara qarşı qətiyyətlə mübarizə aparılsın və onlar ən ciddi şəkildə ədalət mühakiməsi qarşısında cavab versinlər. Ona görə də hüquq mühafizə orqanlarımız tərəddüd etmədən cinayətkar ünsürləri dərhal cəzalandırmalıdırlar. Bu, Azərbaycan cəmiyyətinin sosial sifarişi və tələbidir”.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm