"Xalq-dövlət, dövlət-xalq birliyi məkrli düşmənlərin planlarını puça çıxardı" - Elçin Mirzəbəyli
Bizi izləyin

Nida Xəbər

"Xalq-dövlət, dövlət-xalq birliyi məkrli düşmənlərin planlarını puça çıxardı" - Elçin Mirzəbəyli

“Dünən Gəncə şəhərində baş verən hadisələr iyulun 3-də şəhərin icra başçısı Elmar Vəliyevə qarşı törədilən sui-qəsdin əsas mahiyyətini üzə çıxarır”.

Bu sözləri Publika.az-a iyul ayının 10-da Gəncədə baş verən qeyri-qanuni aksiyaya münasibət bildirən siyasi ekspert Elçin Mirzəbəyli deyib. O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra davamlı olaraq ölkəyə radikal dini cərəyanların təxribat xarakterləri hücumları olub: “Azərbaycanın mürəkkəb geosiyasi proseslərin mərkəzində yerləşdiyi hər kəsə məlumdur. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan Qərblə Şərq arasında iqtisadi, siyasi, mədəni körpü rolu oynamaq imkanı verdiyi kimi, zaman-zaman ölkəmizi də müxtəlif çağırışlarla qarşı-qarşıya qoyur. Biz hələ 100 il öncə dünyəvi, demokratik inkişaf modelini seçmişik. Çağdaş Azərbaycan Respublikasının dini və milli tolerantlığın, sivilizasiyalararası dialoqun mərkəzinə çevrilməsi İslamın müqəddəs dəyərlərini qondarma dini-siyasi ideologiya predmetinə çevirən, feodal qanunları ilə idarə olunan bəzi dövlətləri, onların himayəsində olan radikal ekstremist dini qrupları qane etmir. Onlar Azərbaycanın dünyəvi, bəşəri, demokratik, irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanların birlik və bərabərlik içərisində yaşadığı konstitusion dövlət quruluşunu, dövlət idarəçiliyi modelini özlərinə təhlükə görürlər. Müstəqilliyimizin bərpasından sonra davamlı olaraq ölkəmizə radikal dini cərəyanların ixrac edilməsi cəhdləri də məhz buradan qaynaqlanır. Bu işıqla qaranlığın əbədi mübarizəsini xatırladır. Azərbaycanın dünyəvi və modern dövlət quruluşu radikalizmin, terrorizmin dövlət ideologiyasına çevrildiyi, din pərdəsi altında insanların azad yaşamaq haqlarının əlindən alındığı, feodal qaranlıqlarının hökm sürdüyü, insan həyatının və hüquqlarının dəyərə çevrilmədiyi dövlətlərin vətəndaşları üçün işığın, inkişafın, azadlığın ünvanıdır”.

Elçin Mirzəbəyli onu da əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu bir dövrlərdə bu cür təxribatların artması təsadüf ola bilməz: “Azərbaycana düşmənçilik bəsləyən qüvvələri qəzəbləndirən bir çox amillər var ki, onlardan biri də demokratik inkişaf yoludur. Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrin uğur qazanması, Azərbaycanın öz coğrafi sərhədlərini dəfələrlə aşaraq nəinki regional, subregional və hətta qlobal oyunçuya çevrilməsi radikal qüvvələri hiddətləndiri. Azərbaycanın uğurları uzun illər boyu müxtəlif dini-siyasi ideologiyaların basqısı altında olan xalqlara ümid verir, onları elmə, təhsilə, mədəniyyətə, innovativ inkişafa, tərəqqiyə səsləyir. Bu isə din pərdəsi altında öz bəsit, məkrli düşüncələrini gizlətməyə çalışan, modern dünyadan yüz illərlə geridə qalan dini-siyasi dairələri, Azərbaycanın ənənəvi düşmənlərini, neoimperialist dairələri qane etmir. Ölkəmizə xaricdən ixrac edilən radikal dini cərəyanları yaymağa çalışan dairələrin məhz bu il müsəlman Şərqinin ilk dünyəvi, demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu bir zaman kəsiyində fəallaşmaları da təsadüfi deyil. Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində Azərbaycan dünyaya çox önəmli mesajlar verib, dövlət və ordu quruculuğu sahəsində əldə etdiyi uğurları nümayiş etdirib. Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı paytaxtımızda möhtəşəm hərbi parad keçirilib və bu paradda Silahlı Qüvvələrimizin arsenalına daxil olan ən müasir hərbi texnika nümayiş etdirilib. Paraddan dərhal sonra isə Azərbaycan Müdafiə Nazirliyinin 20 min nəfərlik şəxsi heyətinin iştirakı ilə genişmiqyaslı təlimlər baş tutub və bu təlimlər zamanı ordumuzun döyüş qabiliyyəti və ruhu ortaya qoyulub. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə qeyd olunmasından dərhal sonra Bakıda Cənub Qaz Dəhlizinin, Türkiyədə isə bu dəhlizin bir hissəsi olan TANAP layihəsinin rəsmi açılışları olub. Bütün bunlar isə şübhəsiz ki, öz xalqlarını feodal qaranlıqlarında, zülmətdə saxlayan, yanlış siyasətlərinin girovuna çevrilmiş dövlətlərin dini və siyasi dairələrini, eləcə də Azərbaycanın düşmənlərini qane edə bilməzdi. Bu səbəbdən də ölkəmizə Cümhuriyyət ideyalarının təşəkkül tapdığı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtında zərbə vurmağa cəhd göstərdilər. Lakin müdrik və öz dövlətini canı qədər sevən Azərbaycan xalqı nəinki təxribat qruplarının çağırışlarına uymadı, həm də bu kampaniyaya öz birliyi, həmrəyliyi ilə qətiyyətlə cavab verdi, demokratik, dünyəvi dövlət quruluşumuzun keşiyində dayandı, azərbaycançılıq ideallarına sədaqətini, Prezidentinə yüksək etimadını nümayiş etdirdi. Qəhrəman polislərimiz öz canları bahasına konstitusion dövlət quruluşumuzu qorudular. Xalq-dövlət, dövlət-xalq birliyi növbəti dəfə məkrli düşmənlərin planlarını puça çıxardı.

Biz Şərqdə ilk dünyəvi, demokratik respublika quran, qadına dünyanın inkişaf etmiş ölkələrindən xeyli öncə səsvermə hüququ verən, dünyaya mədəniyyət daşıyan bir xalqın övladlarıyıq. Yüz il öncə qoca Şərqin qaranlıqlarında parlayan istiqlal Günəşimizin önünə kimsə qara pərdə çəkmək iqtidarında deyil. Heç bir güc Azərbaycan xalqının işıqlı zəkasını xurafatın, cəhalətin, puç və mənasız ideyaların qaranlıqlarında boğa bilməz. Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyini, konstitusion dövlət quruluşunu, xalqımızın əsrlərin sınağından keçərək cilalanmış yüksək mədəniyyətini, Vətənimizin işıqlı sabahını heç vaxt zülmətə, qaranlığa tabe etdirməyəcək”

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm