Müşfiq Ələsgərli: "Bu hadisə Azərbaycan polisinin tarixinə qızıl hərflərlə yazılacaq"
Bizi izləyin

Nida Xəbər

Müşfiq Ələsgərli: "Bu hadisə Azərbaycan polisinin tarixinə qızıl hərflərlə yazılacaq"

"Prezident seçkiləri ərəfəsindən başlayan, ölkədə Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə həsr olunmuş paradda özünü büruzə verən və respublikanın enerji sektoruna vurulan zərbə ilə xaos yaradan hadisələrin davamı təəssüf Gəncədəki ixtişaşlar oldu. Dövlətimizin sabitliyini pozmaq istəyən qüvvələrin xüsusi ssenarisini görmək üçün xalqı ayıq-sayıq olmağa çağırıram".

Bu sözləri Publika.az-a Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. O bildirib ki, Azərbaycan polisi 30 dəqiqə içərisində qeyri-qanuni şəkildə təşkil edilmiş aksiyanı dağıdaraq ictimai asayişi canı bahasına bərpa etdi:

“Əvvəlcə, Gəncədə şəhid olan polislərimizə Allahdan rəhmət , ailələrinə isə səbr diləyirəm. Bir tərəfdən çox üzücü hadisə olmasına baxmayaraq, içərisində olduqca qürurverici məqam var. Azərbaycan polisi, məmuru dövlət, millət uğrunda öz vəzifə borcunu yeinə yetirən zaman canı bahasına olsa belə geri çəkilmədi. Həqiqətən də onlar şəhid adına layiqdirlər. Bu hadisə Azərbaycan polisi haqqında tarixə qızıl hərflərlə yazılacaq bir məqamdır. Bu günə qədər polis işçiləri haqqında neqativ fikirlər səsləndirən şəxslərə də mükəmməl bir cavab oldu. Azərbaycanın sabitliyi, dövlətçiliyi naminə canından keçməyə belə hazır olan 2 polisimizi itirdik. Bu aksiyanı, ölkə əhalisinə qarşı təxribatı hazırlayan şəxslər hələ Azərbaycan xalqının nə qədər ayıq-sayıq millət olduğunu bilmir. Onlar elə bilirdilər ki, xalq onların fitnəsinə uyub dövlət əleyhinə çıxacaq, amma bu baş vermədi. Çünki bizim xalqımız dövlətini sevir. Onlar 90-cı illərdəki hadisələrinin yenidən yaşanacağını düşünürdülər, günlərlə sosial şəbəkələr üzərindən təxribat xarakterli çağırışlar edirdilər. Bunu xalq üsyanına çevirmək istəsələr də, xalq birlik halında onlara cavab verdi. Təxribat törədən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı və layiqli cəzalarını alacaqlar”.

M.Ələsgərli onu da əlavə edib ki, bir sıra məqamlar son günlərdə baş verən bütün hadisələrin eyni mərkəz tərəfindən idarə olunduğuna işarədir:

“Əvvəlcə təxribat quran şəxslər bizi yanıltmağa çalışdılar. İlk olaraq hadisələri yalnız Gəncəyə və Gəncə icra başçısına yönəldilən təxribat kimi təsvir edilməyə çalışdılar. İcra başçısının fəaliyyəti ilə bağlı neqativ informasiyalar yayıldı. Amma qısa zamanda məlum oldu ki, bu yalnız Elmar Vəliyevə və Gəncə əhalisinə qarşı deyil, bütünlükdə Azərbaycanda dövlətçiliyə, sabitliyə qarşı planlaşdırılan hadisədir. Hadisələr silsilə şəraitində və ölkə üçün önəmli məkanlarda baş verdi. Ölkədə bu yaxınlarda prezident seçiləri keçirilib. Elə həmin vaxtlardan başlayan hazırlıqların qarşısı hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı sayəsində alınıb. Xaricdə başlayan virtual söyüş kampaniyası, ordu günü ilə bağlı keçirilən parad ərəfəsində qeydə alınan neqativ hallar, digər tərəfdən ölkənin enerji sektoruna vurlan zərbələr və s. Kimlərsə bu faktları gözdən qaçıra bilər. Lakin analiz etdikdə bütün bunların eyni qüvvələr tərəfindən planlaşdırıldığı açıq-aydın görünür. Fikir verin, bütün bu hadisələrin anonsu 6 ay müddətində bəzi Avropa ölkələrinin internet yayımlarında təbliğat şəklində gedirdi. Tez-tez belə bir ifadə işlədilirdi: “Hazırda aparılan virtual savaşımız, tezliklə Azərbaycana, hakimiyyətə, xalqa qarşı əyani şəkildə davam etdiriləcək”. Budur həmin hadisələr artıq yaşanır, lakin gözlənilən effekti verməyəcək. Azərbaycan xalqı oyaqdır, hər yerindən duran “uşağın” təxribatına qoşulub hakimiyyətə qarşı çıxmaz.

Ölkənin enerji sektoruna qarşı hazırlanan təxribatla əhali bir gün işıqsız qaldı. Azərbaycana qarşı neqativ addım atmaq üçün fürsət güdən qüvvələr düşündülər ki, əhali ayağa qalxacaq, xaos yaranacaq. Lakin xalq təmkinli davrandı və problem qısa müddətdə aradan qaldırıldı. Məsələlərin bununla bitəcəyini düşünmürəm, yaxşı olar ki, ehtiyatlı olaq. Hüquq-mühafizə orqanları əhalinin təhlükəsizliyini qorumaq məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirməlidir. Ümid edirik, hadisələrin yaşanmasına səbəb olan hər kəs bir nəfər kimi qanun qarşısında layiqli cəzasını alacaq”.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm