"Azərbaycan bir daha sübut etdi ki, Qərb üçün etibarlı tərəfdaşdır" - POLİTOLOQ
Bizi izləyin

Nida Xəbər

"Azərbaycan bir daha sübut etdi ki, Qərb üçün etibarlı tərəfdaşdır" - POLİTOLOQ

“NATO –nun baş katibinin dəvəti ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev NATO-nun Brüsseldə keçirilən Zirvə toplantısına qatılıb. Azərbaycan Qərb üçün çox yaxşı tərəfdaşdır. Ümumiyyətlə, Qərblə Azərbaycan arasındakı münasibətlərin xarakter analizinə baxsaq görərik ki, münasibətlər ölkəmizin milli maraqları çərçivəsindədir.”

Bu sözləri Publika.az-a açqılamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, NATO zirvəsində ölkə başçısının bir sıra ölkə rəsmiləri ilə keçirdiyi görüşlər gələcəkdə Azərbaycanın mövqelərinin möhkəmlənməsi baxımından əhəmiyyətli nəticələr vəd edir:

“Təbii ki, NATO ilə münasibətlərin inkişafı gələcəkdə digər ölkələrlə Azərbaycan arasında ikitərəfli münasibətlərin də yaxşılaşmasına zəmin yaradır. Hər şeydən öncə bu sammitlə bağlı bizim üçün ən önəmli məqam ondan ibarətdir ki, müzakirələr zamanı dövlətlərin ərazi bütövlüyü prinsipi önəmli prioritet kimi dəstəkləndi. Bu da Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi deməkdir. Ermənistanla Azərbaycan arasında davam edən münaqişəli ərazi bütövlüyü məsələsində məhz Azərbaycanın mövqeyinin dəstəklənməsi bizim üçün kifayət qədər müsbət dəyərləndirmədir.

İkinci məqam isə ondan ibarətdir ki, ölkə başçısı Avropa İttifaqı rəhbərliyi ilə də görüşlər keçirib. Azərbaycanın Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təmin olunmasında rolunun artması təqdim olunub. Gələcəkdə Azərbaycanın enerji sahəsində potensialı yüksək qiymətləndirilmişdir. Bununla yanaşı, ölkədə müasir cəmiyyət, vətəndaş cəmiyyəti quruluşu, demokratiyanın inkişafı istiqamətində atılmış addım kimi Qərb liderləri tərəfindən yüksək qiymətləndirildi. Şimal-Cənub, Qərb-Şərq nəqliyyat dəhlizinin formalaşdırılması bu istiqamətdə kommunikasiya siteminin imkanlarının artırılmasında Azərbaycanın rolu diqqətdə saxlanılmışdır. Bütövlükdə xüsusi olaraq qeyd etmək istəyirəm ki, sammitdə kompleks məsələlər müzakirə edilib. Nəticələr isə Azərbaycanın maraqlarına cavab verəcək konteksdə elan edilib. Azərbaycan bir daha sübut etdi ki, Qərb üçün etibarlı tərəfdaşdır. Xüsusilə də enerji sahəsində ölkəmizlə əməkdaşlıq Qərb üçün böyük əhəmiyyət daşıyır”.

E.Mirbəşiroğlu onu da əlavə edib ki, sammitdə iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidentindən fərqli olaraq zirvə toplantısından ciddi məyusluqla ayrılıb:

"Görüş çərçivəsində öz ölkəsinin maraqları istiqamətində bir sıra məqamlara aydınlıq gətirmək istəsə də buna nail ola bilməyib. O sammitdən məyus ayrılıb. Daha dərindən analiz etsək görərik ki, Paşinyanın sammitdə iştirakının əsas məqsədi hakimiyyətdə öz yerini möhkəmləndirmək idi. Belə ki, o Avropadan 80 milyon avro dəyərində yardım istəyib. Bu yardım isə təbii ki Ermənistanın iqtisadi-siyasi sisteminin normallaşdırılması üçün deyil, birbaşa seçki kampaniyası üçün istifadə ediləcəkdi. Paşinyanın əsas məqsədi ölkədə keçiriləcək seçkilərə qədər mövcud yerini sağlama alsın və mövqeyini daha da möhkəmləndirərək və nəticələrdən asılı olmayaraq, baş nazir postunda fəaliyyətini davam etdirsin.

Ümumilikdə Aİ-nın, Qərb liderlərinin Ermənistanla bağlı mövqeyi ondan ibarət oldu ki, onlar seçkilərin real nəticələrini gözləyirlər. İslahatların nəticəsi olmadan Ermənistana hər hansı bir formada yardım olmayacaq. Çünki, hazırda Ermənistanda hakimiyyətdə olanlar, özlərindən öncə hakimiyyətdə olanların səhv siyasətlərinin girovudurlar. Məhz buna görə də Azərbaycanın Brüssel sammitində iştirakı, Ermənistanın iştirakından müqayisə edilməyəcək dərəcədə üstündür”.

Politoloq qeyd edib ki, siyasi xarakterli bəyanatların olmayacağı deyilsə də, aşıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə dair ayrıca bəyanat elan edildi:

“Bu məsələ ilə bağlı sammitdə konkret mövqe ortaya qoyuldu. Bu hər şeydən öncə Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi kimi qiymətləndirilməlidir. Düşünmürəm ki, burada məqsədli şəkildə Ermənistana qarşı hər hansı bir addım atılsın. Ona görə ki, bizim istəyimiz ədalətli mövqeyimizin dünya ölkələri tərəfindən tanınması idi. Bu bizə kifayətdir. Biz bir tək işğalçı Ermənistanın qondarma ərazi bütövlüyünə qarşı çıxırıq. Bizim ərazilərimiz işğaldan azad olunduqdan sonra təbii ki, istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq etməyə hazırıq. Bu, Azərbaycan dövlətinin prinsipial mövqeyidir. Qərb ölkəmizin bu mövqeyini olduqca humanist hesab edir və etiraf edir ki, Azərbaycan həqiqətən də müasir dövlətlər arasında ən dinamik inkişaf edən, beynəlxalq hüquq normalarına riayət edən ölkələrdən biridir. Bu baxımdan da hər il Azərbaycana qarşı Qərbin münasibəti müsbət istiqamətə doğru dəyişməkdədir. Biz hər il bu dəyişikliyin şahidi oluruq”.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm