Davud Rəhimli: “Onlar qanun və xalq qarşısında cavab verəcəklər”
Bizi izləyin

Nida Xəbər

Davud Rəhimli: “Onlar qanun və xalq qarşısında cavab verəcəklər”

Asayişin keşiyində dayanan polis əməkdaşlarının qətlə yetirilməsi insanlığa sığmayan qanlı cinayətdir. Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışan qaragüruhçu qüvvələr növbəti dəfə məkrli niyyətlərini göstərdilər. Belə təxribatlar xalqımızı qorxuda bilməz. Əksinə, xalqımız daha güclü siyasi iradə nümayiş etdirərək dövlətin və dövlətçiliyin müdafiəsinə qalxdı. Bu hadisələri törədənlər, onların havadarları tezliklə məsuliyyətə cəlb olunacaq, qanun və xalq qarşısında cavab verəcəklər.

Bu fikirləri Gəncədə törədilən cinayətlə bağlı açıqlamasında Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli deyib.

D.Rəhimli bildirib ki, hər bir dövlətin sütunlarından biri də asayişin təmin olunması, dövlətin və dövlətçiliyin möhkəm zəmində dayanmasıdır. Azərbaycan polisinin ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunmasında mühüm rolu var. Yüz illik tarixə malik Azərbaycan polisi həmişə Vətənə sədaqətlə xidmət edib, asayişin keşiyində mətanətlə dayanıb. Müstəqilliyin əvvəllərində respublikamızda hökm sürən xaos və hərc-mərcliyin aradan qaldırılmasında, eləcə də ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində Azərbaycan polisi daim ön sıralarda olub, yüzlərlə polis əməkdaşı şəhid olub və yaralanıb. Azərbaycan polisi indi də öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir.

Prezident İlham Əliyevin yürütdüyü müdrik və qətiyyətli siyasət nəticəsində Azərbaycanın dünyada qabaqcıl ölkələr arasında özünə layiqli yer tutduğunu deyən D.Rəhimli bildirib ki, bu uğurlar Azərbaycanı istəməyən dairələri ciddi narahat edir. Azərbaycanın uğurlarını və inkişafını həzm edə bilməyən xarici qüvvələr fürsət düşdükcə öz çirkin məqsədlərini həyata keçirməyə çalışırlar. Azərbaycan 27 illik müstəqillik tarixində bir neçə dəfə belə hadisələrin və təxribatların şahidi olub. Ölkəmizdə ictimai-siyasi sabitliyin pozulması üçün növbəti cəhd Gəncədə hakimiyyət nümayəndəsinə və polislərə qarşı törədilən terror aktları, dini çağırışlar səsləndirən bir qrup şəxs tərəfindən törədilən iğtişaşlar oldu. Bu Vətənə, doğma xalqına qarşı törədilən ən ağır cinayətdir.

“Həmin qüvvələr və onların xaricdəki havadarları yaddan çıxarmamalıdırlar ki, Azərbaycan xalqı belə məqamlarda dövlətçiliyimizin keşiyində durmaq üçün yüksək həmrəylik göstərir. Xalqımız növbəti dəfə liderinin ətrafında sıx birləşərək, həmrəylik nümayiş etdirdi, məkrli qüvvələrin çirkin cəhdlərini puça çıxardı. Azərbaycanda xalq-iqtidar birliyinin sarsılmazlığı növbəti dəfə nümayiş etdirildi. Son hadisələr bir daha sübut etdi ki, dövlət və dövlətçiliyin qorunması ən yüksək səviyyədə təmin olunur. Xalqına, dövlətinə xəyanət edənlər isə ədalət mühakiməsi qarşısında cavab verəcək, layiq olduqları cəzaları alacaqlar”, - deyə D.Rəhimli qeyd edib (AZƏRTAC).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm