Hikmət Babaoğlu: “Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmləndi”
Bizi izləyin

Nida Xəbər

Hikmət Babaoğlu: “Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmləndi”

Azərbaycan Prezidentinin Brüsselə səfəri, orada keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycanın xarici siyasətində növbəti mühüm uğur kimi qiymətləndirilməlidir. Əslində bu cür ciddi əhəmiyyətli strateji sənədlərin imzalanması ilə bağlı ilkin anonsu Prezident İlham Əliyev iyul ayının 8-də Nazirlər Kabinetinin 6 ayın yekunlarına həsr olunmuş toplantıda vermişdi. İlk növbədə, dövlət başçısı Azərbaycanda keçirilən son prezident seçkilərinə toxunaraq bunu Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının legitim iradəsinin hüquqi əsaslarda nəticəsi kimi qeyd etdi. Əlbəttə ki, Prezident bu seçkilərə beynəlxalq reaksiyanın üzərində dayandı. Biz bilirik ki, hər bir dövlətin xarici siyasəti onun daxili siyasətinin davamıdır. Daxili vəziyyətlə bağlı təsbitlər və qiymətləndirmədən sonra ölkə rəhbəri Azərbaycanın xarici siyasət məsələlərinə toxundu və Azərbaycanın beynəlxalq nüfuzunun hər gün daha da artdığını, beynəlxalq təşkilatlarla və dünya siyasətini müəyyənləşdirən dövlətlərlə Azərbaycanın xüsusi münasibətlərinin olduğunu bildirdi.

Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat deyib: “Dünya siyasətini müəyyənləşdirən ölkələrdən biri olan ABŞ Prezidenti aprel və may aylarında Azərbaycan Prezidentinə üç dəfə məktub göndərib, Avropa İttifaqı ilə mühüm sazişin imzalanması ərəfəsindəyik, digər beynəlxalq təşkilatlarla Azərbaycanın münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymaqdadır və bu da Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirir. Bu fikirlərin alt məzmunu isə ondan ibarət idi ki, bütün bu addımların hamısının məqsədi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, sərhəd toxunulmazlığını təmin etməsidir.

Bundan bir qədər sonra, iyul ayının 11-də çox mühüm tarixi hadisələr baş verdi. Onlardan birincisi, tərəfdaşlığın prioritetləri ilə bağlı Avropa İttifaqı və Azərbaycanın münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyan sənədin paraflanması oldu. İkinci əsas məsələ isə NATO-nun Brüssel Sammitində qəbul edilən yekun kommunikedə Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının xüsusi olaraq qeyd edilməsidir. Azərbaycan 2002-ci ildən NATO ilə tərəfdaşdır, Qətiyyətli Dəstək missiyası çərçivəsində əməkdaşlıq edir, Əfqanıstana sülhməramlı hərbçilərini göndərir. Amma bunlar heç də məsələlərin hamısı deyil, Azərbaycanın Şimali Atlantika Alyansı ilə əlaqələrinin olduqca dərin və çoxspektrli kökləri var. Buraya həm kommunikasiya, həm təchizat, həm iqtisadi əlaqələri, həm də Azərbaycanın nəqliyyat-kommunikasiyası vasitəsilə Qərbdən gələn strateji yüklərin Əfqanıstana daşınması məsələsi daxildir. Bu kontekstdə Azərbaycan Prezidentinin Brüsseldə Əfqanıstan Prezidenti ilə görüşməsi də təsadüfi deyildi”.

Hikmət Babaoğlu vurğulayıb ki, Brüsseldə diqqət çəkən məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tərəfinin siyasi avantürasına son qoyulması oldu. Məlum olduğu kimi, Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra yeni baş nazir tərəfindən avantürist fikirlər səsləndirilir, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi təqdim olunması kimi məsələlər gündəmə gətirilirdi. Ancaq bu mötəbər toplantıda dünya siyasətini müəyyənləşdirən, onun keyfiyyətini, istiqamətlərini təyin edən beynəlxalq təşkilatların mövqeyi bir daha ölkəmizin lehinə oldu. NATO-nun qəbul etdiyi kommunikeni, habelə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan sənədi buna misal göstərmək olar. Eyni zamanda, Rusiya tərəfinin də mövqeyinin aydın göründüyünü deyən H.Babaoğlu bildirib ki, bu günlərdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan etdi ki, Rusiya tərəfi də Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunmasının tərəfdarıdır. Əslində bu üç mövqenin hər biri Paşinyanın irəli sürdüyü iddiaları rədd etməklə yanaşı, son dövrlərdə işğalçı Ermənistan tərəfinin, onun baş nazirinin siyasi avantüra ilə məşğul olduğunu sübut etdi. Azərbaycan tərəfi isə ciddi diplomatik missiya ilə diplomatik uğurlar əldə etdi. Birmənalı olaraq demək olar ki, qəbul edilmiş bu iki sənəd Azərbaycanın beynəlxalq münasibətlər sistemində siyasi-hüquqi baxımdan yerini və rolunu daha da möhkəmləndirdi.

Bu gün hər kəsə bəllidir ki, Azərbaycan tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Ayrı-ayrı ölkələrin baş qərargah rəislərinin, güc strukturlarının rəhbərlərinin görüşləri, Qoşulmama Hərəkatının Azərbaycanda keçirilən tədbirləri həmin ölkələrin Azərbaycana etimad və etibar göstərməsindən xəbər verir. Tərəfdaşlıq və əməkdaşlığın ən gözəl nümunələrindən biri Brüsseldə baş verdi. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin əsaslarını müəyyənləşdirəcək prioritetlər gündəmə gətirildi və paraflandı. Bundan başqa, digər vacib məqam ondan ibarətdir ki, insan hüquqlarından, iqtisadi sahədən başlamış mədəni inteqrasiyaya, demokratik təsisatlarla əməkdaşlığa qədər bütün məsələlər Azərbaycan və Avropa İttifaqı arasında imzalanan sənədlərdə öz əksini tapıb. Bu isə Azərbaycanın maraqları çərçivəsindədir. Çünki Azərbaycan öz dəyərlərinə sadiq qalmaqla Qərbə inteqrasiyanın tərəfdarıdır.

Bu sənədin bir əhəmiyyəti də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığının təsbit edildiyi sənədi Avropa İttifaqına üzv olan 28 dövlət konsensus əsasında qəbul edib. Bu ölkələrdən biri ATƏT-in Minsk qrupunun həmsədri olan Fransadır. İndiyə qədər ermənilər beynəlxalq hüquqla manipulyasiya edirdilər. Onlar xüsusilə Helsinki Yekun Aktını önə çəkməklə dövlətlərin ərazi bütövlüyü ilə yanaşı, xalqların öz müqəddəratını təyinetmə hüququna da istinad edirdilər. Bu sənədin paraflanması ilə bu mübahisəyə, ümumiyyətlə, son qoyuldu. Çünki bu sənəddə Helsinki Yekun Aktına istinad edilərək ərazi bütövlüyü və sərhəd toxunulmazlığı imperativ kimi müəyyənləşdirildi.

Prezident İlham Əliyev həmişə deyib ki, xalqların öz müqəddəratını təyin etməsi yalnız ərazi bütövlüyü prinsipi çərçivəsində mümkündür. Dövlətimizin başçısının səsləndirdiyi bu fikir paraflanan “Tərəfdaşlıq prioritetləri” sənədində öz əksini tapdı. Bu hadisəni Azərbaycanın xarici siyasətində mühüm uğur kimi qiymətləndirmək olar.

Müsahibimiz, həmçinin əlavə edib ki, Brüsseldə baş verən mühüm hadisələrdən biri də Azərbaycanın və ABŞ-ın xarici işlər və müdafiə nazirlərinin görüşü idi. Bu, Azərbaycan-ABŞ münasibətləri tarixində həmin formatda keçirilən ilk görüş idi. Şübhəsiz ki, bu görüşdə də Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Qətiyyətli Dəstək missiyası çərçivəsində Əfqanıstanın təchizatı məsələləri barədə söhbət aparılıb və ərazi bütövlüyü məsələlərinə toxunulub. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü isə indiyə qədər Ermənistanın yeni avantürist hakimiyyətinin görüşlərdə iştirak etməmək cəhdlərinin və siyasətinin iflasa uğraması ilə əhəmiyyətli idi. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldən qayıdarkən erməni jurnalistlərin “bu görüş sonrakı mərhələ üçün nə vəd edir” sualı qarşısında pis vəziyyətdə qaldı. Sadəcə, gələcəkdə prezidentlərin görüşünün planlaşdırılmasından söhbət getmədiyini deyə bildi. Yəni, əslində Azərbaycan öz qətiyyətli və ardıcıl mövqeyi ilə Ermənistanı danışıqlar masasına qayıtmağa məcbur etdi. Amma heç kimi düşünməsin ki, Azərbaycan bu cür danışıqların keçirilməsində maraqlıdır və sona qədər də belə danışıqların həyata keçirilməsinə tərəfdardır.

Hikmət Babaoğlu əlavə edib ki, son günlər ölkə daxilində baş verən hadisələri, beynəlxalq münasibətlərdə və xarici siyasətimizdə əldə edilən uğurlu nəticələri detalları ilə bir yerə toplayaraq bütövlükdə vahid geostrateji tablonu yaratmağa çalışsaq, görərik ki, Azərbaycan üçün belə mühüm görüşlərin keçirilməsi və sənədlərin imzalanması ərəfəsində ölkə daxilində terror törədənlər və onların havadarları Azərbaycana düşmən olan qüvvələrdir. Bunlara baxmayaraq, Azərbaycan bu görüşləri keçirdi, bu sənədləri imzaladı, Azərbaycanın ərazi bütövlüyü bir daha təsbit edildi, daxildə baş qaldıran təxribatçılar və terrorçular isə layiqli şəkildə cəzalandırıldı. Bu sınaqdan müvəffəqiyyətlə çıxmağımız isə Azərbaycan xalqı ilə onun legitim əsaslarda formalaşdırdığı hakimiyyətin birliyi sayəsində mümkün oldu. Bu birlik həm də ərazi bütövlüyümüzü təmin edəcək gücün əsasını təşkil edir (AZƏRTAC).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm