• USD 1,7000 0,00% EUR 1,8883 +0,22%
    • GBP 2,2364 +0,31% RUB 0,0267 +0,37%

Nazir jurnalistləri təbrik etdi

Nazir jurnalistləri təbrik etdi

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkəmizin media təmsilçilərini təbrik edib.

Publika.az-ın xəbərinə görə, təbrikdə qeyd olunur ki, mətbuat cəmiyyət həyatının, tarixi proseslərin, milli düşüncənin, xalqın mənəviyyatının inikasıdır.

Təbrikdə qeyd edilir ki, 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılmışdır:

“Bu gün 143 yaşı tamam olan Azərbaycan milli mətbuatının zəngin tarixi vardır. “Əkinçi”nin maarifpərvərlik məfkurəsi, yaydığı fikirlər xalqımızın azadlıq və milli ruh ideallarına çevrilərək ölkəmizin gələcəyinə mühüm töhfələr vermişdir. Həsən bəy Zərdabinin açdığı cığırla irəliləyərək milli mətbuatımızı irəli aparan fədakar ziyalılarımızı, qələm sahiblərini bu gün minnətdarlıqla yada salır, onların tarixi xidmətlərini unutmuruq”.

Nazirin təbrikində daha sonra deyilir: “Milli mətbuatımız müstəqillik illərində böyük inkişaf yolu keçmişdir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləmiş, mətbuatın inkişafına hərtərəfli şərait yaratmışdır”.

Təbrikdə mədəniyyət mövzusunda yazan jurnalistlərin fəaliyyəti, onların bu sahədə görülən işlərin, eləcə də mövcud problemlərin işıqlandırılmasında rolu xüsusi qeyd edilir. Vurğulanır ki, Mədəniyyət Nazirliyi mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, mədəni irsimizin, incəsənətimizin təbliğində, dünyaya tanıdılmasında kütləvi informasiya vasitələrinin fəaliyyətini yüksək qiymətləndirir.

Əbülfəs Qarayev sonda bir daha ölkənin bütün media təmsilçilərini Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi adından təbrik edib, onlara cansağlığı, məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR