Bolqarıstan KİV Dilqəm və Şahbazdan yazdı
Bizi izləyin

Nida Xəbər

Bolqarıstan KİV Dilqəm və Şahbazdan yazdı

Bolqarıstanın nüfuzlu media qurumları yaxınlarının məzarlarını ziyarət edərkən 2014-cü ildə qanunsuz həbs olunmuş azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqlarından yazıb.

Publika.az xəbər verir ki, iyulun 19-da Bolqarıstanın aparıcı KİV-dən olan “Standart” qəzetində “Dağlıq Qarabağda həbs olunmuş azərbaycanlılar üçün azadlıq tələb olunur’’ başlığı ilə xəbər dərc olunub.

Xəbərdə 1993-cü ildə doğma torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində məcburi köçkünə dönmüş D.Əsgərov və Ş.Quliyevin 2014-cü ildə öz ata-baba yurdlarını ziyarət edərkən Ermənistan əsgərləri tərəfindən əsir götürüldükləri, digər Azərbaycan vətəndaşı Həsən Həsənovun isə öldürüldüyü qeyd olunub. 2016-cı ildə D.Əsgərov və Ş.Quliyevin hüquqlarının müdafiə komitəsinin yaradıldığı bildirilərək məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Rusiya prezidenti və bu dövlətin Azərbaycandakı səfirinə müraciətlərin edildiyi vurğulanıb.

2017-ci ildə Ukraynanın Milli Qəhrəmanı və deputat Nadejda Savçenkonun D.Əsgərov və Ş.Quliyevə dəstək bəyanatının yayması və beynəlxalq səviyyədə müdafiəsinə qoşulacağını bildirməsi barədə məlumat verilərək D.Əsgərovun oğlu Kürdoğlu Əsgərovun 11-12 sentyabr 2017-ci il tarixində Varşavada ATƏT-in insan haqları ilə bağlı sammitində iştirakına yer verilib. Sonda onların azad olunması istiqamətində AR XİN-in səylərinə toxunulmuş və Feysbuk və Tvitter sosial şəbəkələrində #freedilgam və #freeshahbaz həştəqlərindən istifadə olunmaqla D.Əsgərov və Ş.Quliyevə yardım göstərilə bilinəcəyi öz əksini tapıb. Sözügedən xəbər həmçinin 23 iyul 2018-ci il tarixində “Standart” qəzetinin rəsmi internet səhfəsində elektron variantda da yerləşdirilib:

22 iyul 2018-ci il tarixində isə Bolqarıstanın nüfuzlu “Focus” xəbər agentliyinin internet səhifəsində “Azərbaycan səfirliyi: Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin D.Əsgərov və Ş.Quliyevin taleyinə biganə qalmayacağına ümid edir” adı altında xəbər dərc olunub. Xəbərdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma torpaqlarını və valideynlərinin məzarlarını ziyarət edən azərbaycanlı mülki şəxslər D.Əsgərov və Ş.Quliyevin girov götürülməsinin, H.Həsənovun isə qətlə yetirilməsinin cari ilin 11 iyul tarixində 4 ilinin tamam olduğu bildirilib.

Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz separatçı qurum tərəfindən uydurulmuş cinayət işi əsasında D.Əsgərovun “ömürlük”, Ş.Quliyev isə “22 illik azadlıqdan məhrum edildiyi” ifadə olunan xəbərdə D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsdən əvvəlki və sonrakı görüntülərinin onların erməni girovluğunda qeyri-insani rəftara məruz qalmalarını sübuta yetirdiyi ifadələrinə yer verilib. Girov götürülməni qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarına zidd olaraq, Ermənistan tərəfinin beynəlxalq səviyyədə götürdüyü öhdəlikləri kobud şəkildə pozmaqda davam etdiyi təsbit olunmuş xəbərdə humanitar hüquq normalarına əməl olunmasına və mülki şəxslərin azad edilməsinə dair Azərbaycan tərəfinin çağırışlarına məhəl qoyulmadığı vurğulanıb.

Xəbərdə D.Əsgərov və Ş.Quliyev 1993-cü ildən bəri öz doğma torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nəticəsində məcburi köçkün həyatı yaşadığı, 20 ildən çox davam edən vətən həsrətinin onları işğal edilmiş torpaqları ziyarətə sövq etdiyi və onların öz doğma evlərini və valideynlərinin qəbrini görmək istəkləri ifadələrinə yer verilib. Daha sonra D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsi və Ermənistanın onları azad etməkdən imtina etməsinin girovların yaxınlarının böyük üzüntüsünə, Azərbaycan ictimaiyyətinin isə haqlı qəzəbinə səbəb olduğu vurğulanıb.

Azərbaycan tərəfinin mövqeyi olaraq Ermənistanın bu qeyri-humanist və qeyri-konstruktiv mövqeyinin münaqişənin sülh və danışıqlar yolu ilə həllini daha da çətinləşdirdiyi qeyd olunub. D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanılmasının təcavüzün və işğalın nəticələrini möhkəmləndirməyə hədəflənmiş məqsədyönlü və etnik təmizləmə, eyni zamanda yüz minlərlə azərbaycanlının güclə qovulduqları evlərinə qayıtmaq hüququnun, onların yaşamaq, azadlıq və təhlükəsizlik hüququnun qarşısının alınması siyasətinin açıq nümayişi olduğu xəbərdə öz əksini tapıb.

Sonda Azərbaycan tərəfinin beynəlxalq ictimaiyyətin girovluqda müxtəlif xəstəliklərə düçar olmuş D.Əsgərov və Ş.Quliyevin taleyinə biganə qalmayacağına və bu günahsız insanların dərhal azad edilməsi və öz ailələrinə qovuşması üçün Ermənistana təsir göstərəcəyinə ümid etdiyi vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm