Millət vəkili: "Onlar dindar hesab edilmir”
Bizi izləyin

Nida Xəbər

Millət vəkili: "Onlar dindar hesab edilmir”

“Azərbaycanda dindarlar heç bir problem yaşamır. Radikal meyilli, xurafat, cəhaləti yayan “dindar”lar problemlə qarşılaşa bilərlər. Lakin onlar da dindar hesab edilmir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Fazil Mustafa son vaxtlar sosial şəbəkələrdə Azərbaycanda dini və milli azadlıqların, insan haqlarının pozulduğu, dindarların sıxışdırıldığı ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib.

F.Mustafa onu da əlavə edib ki, dövlətçilik üçün təhlükə yaradan radikal qüvvələrə qarşı dövlət tərəfindən addımların atılması labüddür:

“Dini təhrif edən, dini hörmətdən salan qrup və şəxslərə qarşı dövlət tərəfindən müəyyən addımların atılması normaldır. Normal ibadətini edən, siyasətə qarışmayan insanların Azərbaycanda hər hansı problem yaşadığını düşünmürəm. Din vicdan məsələsidir və hər kəsin vicdan azadlığı var. Vicdanını bıçaq tiyəsi və ya güllə ilə təqdim etməyə çalışanın dindar və ya nə cür adlandırılmasından asılı olmayaraq onun əməli terrordur. Buna qarşı da mübarizə aparılmalıdır. Təəssüf ki, özünü dindar kimliyinə bürümüş bir çox insan xüsusi xidmət orqanlarına işləyir. Bu da dövlət üçün təhlükə yaradırsa, dövlət də buna qarşı addımlar atmağa borcludur. Ölkəmizdə dindarların böyük bir qismi normal ibadətlə məşğuldur. Kiçik bir qisim hər hansı formada gözə soxmaq, cəmiyyəti qorxutmaq, xof yaratmaq üçün öz oyunlarına dini alət edir. Məsələn, kiminsə geyimi, davranışı, hicabı və ya sosial şəbəkədə çağırış, təhdidləri ilə müəyyən problemlər yaradırlar. Bu məsələdə dövlətin atdığı addımlar normaldır və bunu dindara qarşı kampaniya kimi dəyərləndirmək olmaz. Hər hansı inancı olan insanlara problem yaşamaq dövlətin marağında ola bilməz”.

F.Mustafa onu da əlavə edib ki, ölkəmizdə dini ibadətlərin həyata keçirilməsi üçün bütün imkanlar yaradılıb:

“Ölkəmizdə məscidlərin sayı kifayət qədərdir, ən böyük məscid Heydər Məscidi bir neçə il əvvəl fəaliyyətə başladı. Hər kəs məsciddə ibadətini edə bilir. Kiminsə cümə namazına nə üçün gəldiyini və ya hansı mənsəbdən olduğunu soruşan yoxdur. Kimsə küçədə özünü döyərək din adı altında qorxu yaratmağa çalışırsa, insanlara problem yaradır, teatral formada asayişi pozur, insanların davranışına mənfi təsir edirsə, onlara qarşı da müvafiq addımlar atılmalıdır. Lakin digər hallarda Azərbaycanda dini fəaliyyətə qarşı məhdudiyyət müşahidə edilmir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm