22 illik danışıqlarda MÜSBƏT SONLUQ - Bu gün TARİXİ İMZALAR ATILIR
Bizi izləyin

Nida Xəbər

22 illik danışıqlarda MÜSBƏT SONLUQ - Bu gün TARİXİ İMZALAR ATILIR

Bu gün Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı ölkənin dövlət başçılarının sammiti keçiriləcək.

Publika.az xəbər verir ki, sayca beşinci olan sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulı Berdıməhəmmədov iştirak edəcək.

Görüşün yekununda 1996-cı ildən üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanacağı gözlənilir.

Dünən isə sammit çərçivəsində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçirilib. XİN başçıları "Xəzər beşliyi"nin qarşıda duran yüksək səviyyəli görüşünə hazırlıq işlərinə yekun vurublar.

"Bu gün biz güzəşt və qarşılıqlı məqbul qərarların axtarışına göstərilən səylər sayəsində Xəzər dənizində qarşılıqlı fəaliyyətə aid bütün məsələlər üzrə razılığa gələ bildik. Prezidentlər tərəfindən imzalanmaya çıxarılan Xəzər dənizinin hüquqi statusuna dair konvensiya buna sübutdur", - Qazaxıstanın XİN rəhbəri Kayrat Abdrahmanov bildirib.

Qazaxıstanlı nazir bildirib ki, Aktauda Xəzəryanı ölkə prezidentləri tərəfindən Xəzərin hüquqi statusuna dair imzalanması nəzərdə tutulan yekun Konvensiyada sahilyanı ölkələrdən başqa digər dövlətlərin silahlı qüvvələrinin Xəzərdə mövcudluğuna icazə verilməməsi prinsipi əks olunub.

Nazir deyib ki, Xəzərin hüquqi statusuna dair Konvensiya sənədində dəniz dibinin istismarı və boru kəməri çəkilməsi ilə bağlı bütün tərəflərin maraqları nəzərə alınıb.

Onun sözlərinə görə, Konvensiyada bütün nəqliyyat vasitələri ilə tranzitlə bağlı verilən azadlıq avtomobil, dəmiryolu, dəniz və boru kəməri infrastrukturunun inkişafı üzrə sahilyanı ölkələr üçün geniş imkanlar açacaq.

XİN rəhbəri qeyd edib ki, Xəzər dənizinin statusunun müəyyənləşməsi iqtisadiyyatın vacib istiqamətlərində sahilyanı ölkələrin qarşılıqlı faydalı əməkdaşlığının davamlı inkişafına imkan verəcək:

“Əminəm ki, Konvensiya Xəzər regionunun inkişafı üçün güclü impuls verəcək, yeni investisiya axını və prioritet sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün cəzbedici olacaq”.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Kurık limanının bərə kompleksində çıxışı zamanı Xəzərdə dövlətlərin qarşılıqlı münasibətlərinə aid olan bütün məsələlər uyğunlaşdırıldığını, avqustun 12-də tarixi qərarın qəbul ediləcəyini söyləyib.

“Son 20 il ərzində biz mövqelərimizi uyğunlaşdıraraq Xəzər dənizində ümumi işimizə aid olan bütün məsələləri həll etmək üçün çox çətin danışıqlar aparırdıq. Bunlar Xəzər dənizinin resursları, dənizin bioloji resurslarının saxlanılması, ticarət və bizim dövlətlərimizin əməkdaşlığı kimi məsələlər idi. Güman edirəm ki, bütün məsələlər uyğunlaşdırılıb, biz sabah tarixi qərarın qəbulunu gözləyirik. Bu, bizim hamınız üçün çox vacib andır”, - Nazarbayev deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm