Nida Xəbər
Vüqar Rəhimzadə: Konvensiya Xəzər hövzəsində yeni əməkdaşlıq platforması yaradacaq
“Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı
ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin
hüquqi statusuna dair Konvensiyanın imzalanması tarixi hadisədir.
1992-ci ildən bəri Xəzərin hüquqi statusu barədə Konvensiyanın
imzalanması ilə bağlı keçirilən görüşlər, aparılan danışıqlar
nəhayət, məntiqi sonluqla yekunlaşdı. Məlum olduğu kimi, sənəd
üzərində iş 1996-cı ildən aparılmağa başlanıb. 2003-cü ildə
Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin
orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi
istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb, Xəzərin dibinin
bölünməsinə dair yekun razılığa imza atılıb. 2010-cu ildə Bakıda
keçirilən III Zirvə toplantısı əməkdaşlığın möhkəmləndirilməsinə
xüsusi töhfə verib, “Xəzər dənizində təhlükəsizlik sahəsində
əməkdaşlıq haqqında Saziş” imzalanıb. 2018-ci ilin mart ayında
İranın Prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri zamanı imzalanan
Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında
Anlaşma Memorandumu Konvensiyanın razılaşdırılması istiqamətində
böyük önəm daşıyır. Sevindirici haldır ki, Konvensiya uzun illərdir
ki, Xəzər hövzəsindəki mövcud ziddiyyətli məqamlara son qoyacaq,
yeni əməkdaşlıq platforması yaradacaq.”
Publika.az-a açıqlamasında bu barədə YAP Siyasi Şurasının
üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Xəzəryanı ölkələrin dövlət
başçılarının V Zirvə toplantısında çıxışı zamanı Azərbaycan
Prezidentinin səsləndirdiyi fikirlər regionda gələcəkdəki uğurlu
əməkdaşlıqlardan, sülh və sabitliyin daha da möhkəmləndirilməsindən
xəbər verir: “Regionda sülh və mehriban qonşuluq siyasəti həyata
keçirən Azərbaycan xarici siyasət kursunda daim bu prinsipləri əsas
götürüb. Elə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal
layihələrə nəzər salsaq görərik ki, bütün bunlar sülh və
təhlükəsizliyə, qarşılıqlı faydalı münasibətlərin qurulmasına və
daha da genişləndirilməsinə xidmət edir. “Xəzəryanı ölkələr
arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı
fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca
qarantıdır… Azərbaycan bu sənədin hazırlanmasının bütün
mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi
bu sənədin imzalanmasına öz töhfəsini verib.” bildirən
Prezidentimiz xüsusi olaraq vurğulayıb ki, Konvensiya Xəzəryanı
ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli
məsələlərin, xalqların həyat səviyyəsinin yaxşılaşmasına kömək
edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır. Qeyd
etdiyimiz kimi, ümumilikdə Azərbaycan regional sülh, sabitlik və
təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verir”.
Baş redaktor vurğulayıb ki, Konvensiyanın imzalanmasında mühüm
məqamlardan biri də Xəzər hövzəsində dondurulmuş və mübahisəli
yataqların birgə işlənilməsi ilə bağlı olacaq: “Azərbaycan uzun
illərdir ki, Xəzər hövzəsindən hasil etdiyi enerji resurslarını
Avropaya ixrac edir. Məlum olduğu kimi, XXI əsrin layihəsi
adlandırılan və dünyanın enerji xəritəsini dəyişən “Cənub Qaz
Dəhlizi” layihəsinin əsas təbii qaz mənbəyi “Şahdəniz”
qaz-kondensat yatağıdır. Göründüyü kimi, ölkəmizin sahib olduğu
enerji resursları milli maraqlarımıza, xalqımızın mənafeyinə uyğun
istifadə olunmaqla Avropanın enerji təhlükəsizliyinin təminatında
mühüm amildir. Şübhəsiz ki, Xəzəryanı ölkələr, o cümlədən
Azərbaycan Konvensiyadan böyük iqtisadi fayda götürəcək, Xəzər
hövzəsinin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması
üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneələr aradan
qaldırılacaq. Bu gün mütəxəssislərin hesablamalarına görə, Xəzərin
şelfində 50 milyard barrel neft və 9 trilyon kubmetr qaz yataqları
var. Bu yataqların istismarı isə Xəzəryanı ölkələrə bir neçə
trilyon dollar gəlir gətirəcək. Bununla yanaşı, daha çox yataqların
kəşf olunacağı da mümkün proqnozlar sırasındadır”.
Vüqar Rəhimzadə əlavə edib ki, Konvensiya beynəlxalq yükdaşımalarda
da Xəzəryanı ölkələrin rolunu daha da artıracaq: “Yeni əməkdaşlıq
platforması beynəlxalq yükdaşımalarında Xəzər beşliyi ölkələrinin
payının artmasına gətirib çıxaracaq. Bu gün Avropa İttifaqı ilə Çin
arasında yük daşımalarının 3 faizi regionun payına düşür. Mövcud
razılaşmadan sonra bu rəqəm artacaq, Şimal-Cənub və Şərq-Qərb
dəhlizlərinin inkişafına yeni təkan verəcək. “Azərbaycan
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və
inkişafında da mühüm rol oynayır” deyən möhtərəm Prezidentimiz
Zirvə toplantısında çıxışı zamanı vurğulayıb ki, Azərbaycanın öz
tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb və Şimal-Cənub
dəhlizləri iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri
yaradan, ölkələri bir-birinə yaxınlaşdıran, sabitlik və
təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir”.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK